ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, təşkilatın baş katibi Helqa Şmid, həmçinin ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt və Assambleyanın baş katibi Roberto Montella Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pisləyiblər.
Bu barədə təşkilatın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda deyilir.
ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq.
E.ŞİRİNOV