Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Kəlbəcər rayonunda olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə səfəri davam edir.
Müdafiə Nazirliyininin rəsmi internet saytına istinadən bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib.
Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi şərait yaradılıb.
Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.
Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, nazir döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
E.ŞİRİNOV