"Azərbaycan Pakistanın ən önəmli dostudur".

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

"Pakistan 1947-ci ilin avqustun 14-də müstəqilliyini qazandı və bu il biz müstəqilliyimizin 74-cü il dönümünü qeyd edirik. Keçən 74 il ərzində Pakistan müxtəlif sahələrdə böyük inkişafa nail olub. Bizim iqtisadiyyatımız, insan resurslarımız böyüyüb, sənayemiz inkişaf edib. Ən əsası isə bu illər ərzində Pakistan beynəlxalq arenada vacib dostlar qazanıb. Bu məqamda xüsusilə qeyd etməyə şadam ki, Azərbaycan Pakistanın ən önəmli dostudur, iki ölkə hər zaman həm yaxşı həm də çətin zamanlarda yanaşı dayanıb, bir-birinin yanında olub. Pakistan Azərbaycanı onun çətin zamanlarında dəstəkləyib, Azərbaycan da hər zaman Pakistanın yanında olub, xüsusilə də Cəmmu və Kəşmir məsələsini vurğulamaq istərdim. Biz Azərbaycan xalqının bu cəsarətli dəstəyini yüksək qiymətləndiririk", - deyə pakistanlı diplomat bildirib.

O deyib ki, hazırda həm Pakistan, həm də Azərbaycan yeni çətinliklərlə, COVID-19 pandemiyası ilə, iqlim dəyişikliyinin fəsadları ilə və s. üzləşib. "Belə halda hər iki ölkə -

Azərbaycan və Pakistan üçün dayanışma içində olmaq, bu çətinliklərin öhdəsindən birgə şəkildə gəlmək çox vacibdir. İnanıram ki, yaxın aylarda və illərdə hər iki ölkə bu çətinliklərin öhdəsindən uğurla gələcək. Biz öz regionumuzda rifaha, inkişafa cə sülhə nail olacağıq. Mən öz ölkəm və hökumətim adından qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm", - Bilal Hayee əlavə edib.

Qeyd edək ki, Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub.  Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
 Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.
Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN