Rusiyalı hərbi ekspert Aleksey Xlopotov Ermənistanda revanşizmin baş qaldırması və onun reallıqla əlaqəsini Oxu.Az-a şərh edərək bildirib ki, Ermənistanda növbəti 10 il ərzində modern ordunun yaradılması və Azərbaycan torpaqlarının yenidən işğalı ilə bağlı deyilənlər cəfəngiyyatdır.

“Ermənistanda iqtisadiyyatın yenidən qurulması lazımdır. Dövlətin gücü iqtisadiyyata əsaslanmalıdır. Ermənistanda isə bu, sadəcə yoxdur. Bu ölkənin resursları azdır. Ona görə də beynəlxalq əməkdaşlığa, ticarətə, tranzitə razılıq vermək daha yaxşı olar. Amma İrəvan sülh sazişləri imzalamır, ölkənin iqtisadi inkişafına kömək edəcək yeni infrastruktur yaratmağa hazır deyil.

Ermənilərin öz dövlətlərini və iqtisadiyyatlarını necə quracaqları böyük bir sual doğurur. Bəli, Rusiya nəyisə pulsuz, kreditlə verəcək. Bəs sonra? Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından bir neçə dəfə güclüdür.

Fikrimcə, yaxın illərdə Rusiya sülhməramlılarının mandatı qüvvədə olduğu halda, Ermənistan tərəfi öz ordusunun potensialını və döyüş effektivliyini bəzi məqbul meyarlara qaytarmağa çalışacaq. Amma yenə də Azərbaycan ordusunu heç vaxt üstələməyəcək, Azərbaycan silahlı qüvvələrinə müqavimət göstərə bilməyəcək”, -deyə ekspert bildirib.

Xlopotov Ermənistanda qisasçılıq fikirlərinin ölkə üçün fəlakətlə bitəcəyini də proqnozlaşdırıb.

“Bərpa edilmiş ordu kimi bir alət əldə edən Ermənistan, özünü qurban kimi təqdim etmək üçün hərbi təxribatlara əl ata bilər. Mənə elə gəlir ki, erməni tərəfi üçün bu, faciə ilə bitəcək. Azərbaycan, əlbəttə ki, Qarabağın bütün ərazisinə nəzarəti bərpa edəcək (söhbət rus sülhməramlılarının məsuliyyət zonasında olan hissədən gedir - red.). Qarşıdurmalara birdəfəlik son qoymaq lazımdırsa, Bakı İrəvanı almalı olacaq. Və sonra, artıq qalib mövqedən, Ermənistanda bir növ sadiq hökumət qura və ya Ermənistanı süni formalaşdırılmış ərazi vahidi kimi Gürcüstanla öz arasında bölə bilər.

Bir sözlə, Ermənistandakı revanşist bəyanatlar, təxribatlar, beynəlxalq strukturlara təzyiqlər yalnız Ermənistanın dövlətçiliyinin məhvinə gətirib çıxaracaq. Mənim proqnozum belədir. Bu nə vaxt baş verə bilər? Ən yaxın müddət beş ildir. Düzdür, şərtlər dəyişə bilər. Çox şey dünyada cərəyan edən proseslərdən asılı olacaq” – deyə o, əlavə edib.

Ermənistan ictimaiyyətində Əfqanıstanda baş verən son hadisələr, xüsusilədə yalnız atıcı silahlarla silahlanmış taliblərin peşəkar hərbçilər tərəfindən yaradılmış və təlim keçmiş dövlət ordusunu məğlub etməsi fəal şəkildə müzakirə olunur. Məsələn, erməni ictimai xadimi, analitik Hraçya Arzumanyan belə qənaətə gəlir ki, Ermənistanın müharibədə məğlub olması “müasir silahların və hərbi texnikanın həlledici rolu” ilə bağlı deyil. Guya ki, problem “mübarizə aparmaq və qalib gəlmək istəməyən Ermənistanın yüksək hərbi-siyasi rəhbərliyindədir”. Onun fikrincə “döyüş meydanında olan erməni əsgəri iradə və ideyaya sahib idi”. Hərçənd, Arzumanyan Ermənistan ordusunda 10 min fərarinin necə meydana çıxdığını izah etmir. Yeri gəlmişkən, o özü də Ermənistanın təslim olmasından təxminən 10 gün əvvəl Xankəndidən İrəvana qaçıb.

Aleksey Xlopotov bu hadisənin 5 il, bəlkə də daha tez baş verəcəyini proqnozlaşdırır və düzgün olaraq bunun Ermənistanın özün necə aparmasından asılı olduğunu söyləyir. Ermənistan isə özünü pis aparır və prosesi tezləşdirir. Amma əminliklə demək olar ki, bu, mütləq baş verəcəkdir. Çünki Azərbaycan torpağında süni yaradılan dövlətin iştahası getdikcə böyüyür. Tarixi haqsızlığa, Azərbaycan torpaqlarının ermənilərə “peşkəş” edilməsinə son qoymağın vaxtı çatıb.

Prezident İlham Əliyev bölgələrə səfərlərin birində vurğulamışdı ki, erməni dövləti bütün qonşulara – Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var: “Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?”

Ermənilər 44 günlük müharibədəki məğlubiyyətdən heç bir nəticə çıxarmayıb və yenə də təxribatla məşğul olmağı davam etdirirlər. Bu isə onların sonu olacaq və bu təxribatlar gələcək reallığa təkanverici bir amildir və biz tezliklə proqnozların reallığa çevrilməsinin şahidi olacağıq.

 Şakir QURBANOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN