Almaniyanın "Bild" qəzeti "Taliban “ sözçüsü Zabihullah Mücahid kansleri Kabilə dəvət etdi"
başlıqlı müsahibə dərc edib.
Həmin müsahibədə Zabihullah Mücahid bildirib ki, Almaniyanın Əfqanıstanla tarixi və yaxşı münasibətləri var: “ Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr qurmaq istəyirik".
Mücahid Almaniya ilə yaxşı diplomatik əlaqələrdən əlavə tibb, infrastruktur və təhsil sahələrində Berlindən humanitar yardım və əməkdaşlıq görmək istədiklərini dilə gətirib: "Almaniya hökumətinin həqiqətən də bizə kömək edə biləcəyinə inanırıq" , - deyə bildrib.
Jurnalistin "Almaniya kansleri Angela Merkeli Əfqanıstanda səmimi qarşılayırsınızmı?" sualına “Taliban” sözçüsü “ məmnuniyyətlə qarşılayarıq” söyləyib.
Qeyd edək ki, Almaniya hökuməti yeni qaçqın böhranının qarşısını almaq üçün Əfqanıstana humanitar yardım göstərməyə hazır olduğunu bəyan etmişdi. Həmçinin bir müddət əvvəl Kansler Almaniyanın qaçqınlara dəstək olması üçün, Əfqanıstanla həmsərhəd olan ölkələrlə əməkdaşlığı genişləndirməsinin də vacibliyini bildirmişdi.
Mətbuatda gedən məlumatlara görə, Almaniya Əfqanıstandakı əməliyyatlara 300 milyard avrodan çox vəsait xərcləyib.
Xatırladaq ki, avqustun 15-də "Taliban" qruplaşması Kabilə girdikdən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani istefaya gedib və ölkədən qaçıb.
Son məlumatlara görə, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması qurulacaq yeni hökumətin müvəqqəti ola biləcəyini elan edib.
Zabihullah Mücahidin sözlərinə görə, artıq yekun qərar verilib: “Texniki məsələlər həll olunan kimi yeni hökuməti elan edəcəyik. Yeni hökumət müvəqqəti ola bilər. Ölkənin və xalqın problemlərinə cavab verəcək islami konstitusiya olacaq”, - deyə o qeyd edib.
Y.MƏMMƏDLİ