“Financial Times” ın verdiyi xəbərə görə, Çin lideri Si Cinpin Baydenin görüş təklifini rədd edib.
ABŞ prezidenti Co Bayden son telefon danışıqlarının birində ÇXR-in sədri Si Cinpinə şəxsən görüşməyi təklif edib, ancaq Çin lideri bu görüşü rədd edib və Vaşinqtonun Pekinə qarşı münasibətdə ritorikasını yumşaltmaq təklifini irəli sürüb.
Nəşr iki lider arasındakı söhbətin detalları ilə tanış olan mənbələrə istinadən yazır ki, bu təklif liderlər arasında ötən həftə baş tutan 90 dəqiqəlik söhbət zamanı irəli sürülüb. Bildirilir ki, Co Bayden Si Cinpinlə üz-üzə sammit keçirməyi təklif edib, ancaq razılığa gələ bilməyib – bu isə “bir sıra ABŞ rəsmilərində Pekinin Vaşinqtona qarşı çətin oyun oynamaqda davam etməsi təəssüratını yaradıb”.
“ABŞ prezidenti Si Cinpinə Amerika-Çin münasibətlərindəki dalandan çıxmaq üçün sammit keçirməyi təklif edib... Ancaq Çin lideri onun təklifini qəbul etməyib və bunun əvəzində Vaşinqtonun qarşısına Pekinlə münasibətdəki sərt tonu azaltmaq seçimi qoyub”, - deyə qəzet yazır.
Ağ Ev nəşrin yazdığı bu məlumata hələlik münasibət bildirməyib.
Xatırladaq ki,uzun müddətdir ki, ABŞ-la Çin respublikası arasında həm iqtisadi, həm də siyasi cəhətdən bir çox qeyri-müəyyənlik, hətta az qala düşmənçilik hökm sürür. Bu cür münasibətlər keçmiş prezident Trampın hakimiyyəti dövründə də davam edib. “Newsmax” telekanalına müsahibəsində .ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində məğlub olduqdan sonra Çinlə müharibəyə başlamağı planlaşdırması barədə yayılan xəbərləri təkzib edib.
“Mənim heç vaxt Çinə hücum etmək fikrim olmayıb”, - Tramp belə deyib.
Qeyd edək ki, bir müddət əvvəl Donald Trampın prezidentliyi dövründə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin müharibənin qarşısını almaq üçün gizli şəkildə çinli həmkarlarına zəng etməsi barədə məlumat yayılıb.
General Trampın ÇXR ilə müharibəyə başlamaq niyyətində olduğundan əminliyini dilə gətirib. Onun məlumatlarına görə, Pekin ehtiyat edirmiş ki, ABŞ Cənubi Çin dənizindəki hərbi təlimlər zamanı yaranmış gərginlik səbəbindən hücuma hazırlaşır. Həmin vaxt o, silahlı qarşıdurmanın qarşısını almaq üçün tədbirlər görmək barədə qərar verib.
M.Milli Çinin Mərkəzi Hərbi Şurasının üzvü, Xalq Qurtuluş Ordusunun generalı Li Szoçenə zəng edib. Qəzetin yazdığına görə, söhbət əsnasında Milli onu Vaşinqtonun ÇXR-ə hücum etməyəcəyinə inandırıb.
Ümumilikdə iki belə telefon zəngi baş tutub: birincisi 30 oktyabr 2020-ci ildə, ABŞ-da prezident seçkilərinə dörd gün qalmış, digəri isə artıq Tramp tərəfdarları tərəfindən Kapitoliyə hücum ərəfəsində.
Hələlik isə, ABŞ-ın rəsmi dairələrindən Çin liderinin Baydenin görüş təklifini rədd etməsinə dair heç bir məlumat daxil olmayıb.
Şakir QURBANOV