Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi nəinki dünya siyasətçilərinin, həmçinin Azərbaycanın siyasi məkanında da müzakirə mövzusuna çevrilib.
Sabiq millət vəkili Çingiz Qənizadə cənab Prezidentin "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkaya verdiyi müsahibənin təkcə Azərbaycan gündəmində deyil, həm də beynəlxalq aləmdə müzakirə mövzusu olduğunu deyib. O, bildirib ki, İ.Korotçenkanın redaktoru olduğu jurnal həm Rusiyada, həm də digər dövlətlərdə mütəmadi izlənilir: "Xüsusilə hərbi texnika və digər hərbi siyasi məsələlərdən bəhs edən bu jurnal daim Rusiya və başqa dövlətlərin maraq dairəsindədir. Cənab prezidentin bu müsahibəsi bizim üçün də qaranlıq qalan məqamlara aydınlıq gətirdi. Müsahibəyə qədər bizlərin də bilmədiyi ATƏT-in Minsk Qrupunun üzv dövlətlərinə, digər dövlətlərə də kifayət qədər məlum olmayan və bizim qələbəmizi təmin edən müəyyən məqamlar artıq cənab Prezidentin dilindən eşidildi. Qeyd olundu ki, hər gün əməliyyat planları üzərində işlənilir, toplantılar keçirilir, Müdafiə Nazirliyi və digər Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Əks Kəşfiyyat, Daxili Qoşunlar və s. bu sahədə ciddi işlər görürdü. Bu planlar əsasında bizim hücumlarımızın Ermənistan dövlətinin gözləntilərinin əksinə olaraq digər istiqamətlərdən həyata keçirilməsi, lazım gələrkən müdaifə qurmaq və Bayraktarla bağlı xeyli açıqlamalar etdi. Bizim havadakı üstünlüklərimiz barəsində də ətraflı şəkildə məlumat verdi. Qeyd edim ki, cənab Prezident bu müsahibəsində səmimi insan olduğunu, ədalətli və əxlaqlı siyasətçi olduğunu bir daha sübut etdi. Hətta Ermənistan ordusu bizim üçün nə qədər rəqib və düşmən olsa da, onların da bəzi taktiki, strateji addımlarını və bəzən qaçdıqlarını, digər hallarda isə sona qədər dirəniş göstərdiyini dilə gətirməklə, nə qədər ədalətli və obyektiv olduğunu nümayiş etdirdi".
Sabiq millət vəkili digər mövzulara da toxunub: "Xüsusilə 44 günlük azadlıq müharibəsinə başladığımız 27 sentyabr tarixindən etibarən ardıcıl olaraq 10 noyabradək baş verən bütün hərbi, siyasi, taktiki gedişlərimiz cənab Prezidentimiz tərəfindən xronoloji ardıcıllıqla bu müsahibədə öz əksini tapdı. Eyni zamanda, Azərbaycan ordusunun bu müsahibədə gücünü və qüdrətini göstərdi. Azərbaycan hərbçilərinin qəhrəmanlığını göstərdi. Müsahibədə cənab Prezident özünü Ali Baş Komandan kimi məsuliyyətli, şərəfli bir vəzifənin öhdəsindən peşəkarlıqla necə gəldiyini əks etdirdi. Qeyd edirdi ki, hər gün onun rəhbərliyi ilə müşavirələr keçirilirdi. 9 noyabra qədər, noyabrn 8-də Şuşanın azad olunması ilə bağlı qapalı qapılar arxasında baş verən hadisələri, hansı ki, Putinin bizə zəngi, Paşinyanın Putinə xahişi, Putinin o xahişi bizə çatdırması və s. aid edilir. Bu müsahibə vasitəsilə dostlarımıza, düşmənlərimizə Azərbaycan ordusunun, Ali Baş Komandanın nəyə qadir olduğunu, necə bir sərkərdə, siyasətçi, diplomat və xalq rəhbəri olduğunu bir daha təsdiqlədi. Əslində bu müsahibə Azərbaycanın şanlı qələbəsinə, zəfərinə və torpaqlarımızın işğaldan azad olunması istiqamətində atdığı addımlara həsr olunb. Bununla da Azərbaycan dövlətinin beynəxalq aləmdə nüfuzu bir daha artmış oldu. Onsuz da biz qələbədən sonra Azərbaycanın nüfuzunun beynəxalq aləmdə artığının, Azərbaycanın və onun prezidentinin söz sahibinə çevrildiyinin şahidi olurduq. Bu müsahibə ilə daha xırda detallarla tanış olan, bizi sevən və sevməyən qüvvələr Azərbaycanın nəyə qadir olduğunu, onun necə bir sərkərdəsi olduğunu bir daha özləri üçün müəyyən edəcəklər. Son olaraq cənab Prezidentimiz öz çıxışında əsas məqsədlərimiz barəsində ətraflı məlumat verərək bildirdi ki, əsas məqsədlərimizdən biri qaçqın və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Prezidentimizin dediyi kimi, hazırda işlağdan azad olan ərazilərimiz Livana bərabərdir. Bunun üçün də çox güclü bir çəkildə quruculuq işləri aparılır. Quruculuq işləri, ərazilərin minalardan tam təmizlənməsi və abadlaşdırılması başa çatdıqdan sonra vaxtilə öz yurd-yuvalarından qaçqın düşən vətəndaşlarımız yenidən öz məskənlərinə geri qayıdıb, təhlükəsiz şəkildə əvvəlki həyatlarına geri dönəcəklər. Bu gün qələbəmizin əsas səbəbkarları Prezidentimiz, Ali Baş Komandanın sərkərdəsi olduğu güclü ordumuzdur. Azərbaycan bu zəfər savaşında neçə-neçə igidlər verdi. Allah bütün iəhidlərimizə rəhmət eləsin, qazilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmağı arzu edirəm. Onların zəfərimizdəki rolu əvəzsiz və danılmazdır. Bu faktdır ki, Azərbaycan Respublikasının Prezidenti bu gün şəhid ailələri və qazilərin rahat, təhlükəsiz yaşaması, onların rifahı üçün əlindən gələni əsirgəmir. Dövlətin həssas təbəqəyə daha ciddi yanaşması yolunda daimi çıxışı əvəzsizdir. Düşünürəm ki, Azərbaycan Respublikası düşmənin gözünü qorxudaraq istər siyasi məkanda, istərsə də hərbi sahədə öz sözünü dedi. Bu gün xalqımız "Dəmir Yumruq" ətrafında həmrəylik sərgiləyərək qalib ölkə sıralarına yazıldı".
E.ŞİRİNOV