ABŞ-ın yeni administrasiyasının Qəzzadakı vəziyyətlə bağlı bəyanatları “tam cəfəngiyatdır” və "havada su vurmaq cəhdidir".
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya turu öncəsi hava limanında keçirdiyi mətbuat konfransında deyib.
“Bizim nöqteyi-nəzərimizdən Qəzza ilə bağlı sionist lobbisinin təzyiqi altında yeni Amerika administrasiyasının gündəmə gətirdiyi təkliflərin diqqət və müzakirəyə dəyər bir şeyi yoxdur. Bu, tamamilə absurddur, bu, havada su vurmaq cəhdidir”, – o deyib.
Ərdoğan fələstinlilərin Qəzzada yaşamağa davam edəcəyini bildirib. O vurğulayıb ki, heç kimin Qəzza sakinlərini vətənlərindən qovmağa ixtiyarı yoxdur. Türkiyə lideri Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsün fələstinlilərə aid olduğunu qeyd edib.
O, İsrail tərəfinin bütün qəddar tədbirlərinə, vəhşiliklərinə və hücumlarına baxmayaraq, Qəzza sakinlərinin 471 gün ərzində ərazini tərk etmədiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 5-də ABŞ-ın yeni prezidenti Donald Tramp fələstinlilərin oradan qonşu ölkələrə, xüsusilə Misir və İordaniyaya köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.
E.ŞİRİNOV