Kiyev rus işğalçılarının əsas məqsədi olaraq qalır, ona görə də daim təhdid altındadır.
Tezadlar.az Ukrayna mediasına istinadla bildirir ki, müdafiə nazirinin müavini Anna Malyar iyunun 5-də ümummilli telemarafonun efirində belə bir bəyanatla çıxış edib. Sitat: “Biz həmişə açıq şəkildə demişik ki, Kiyev daim təhdid altındadır. Doğrudan da insanlar müxtəlif səbəblərdən (paytaxta - red.) qayıdırlar.
Bununla belə, başa düşməliyik ki, müharibə qızğın mərhələdədir və Kiyev Rusiya Federasiyasının əsas məqsədi olaraq qalır”.
Xatırladaq ki, bu gün iyunun 5-də səhər saat 6 radələrində Kiyevin Sol Sahilində 5 partlayış səsi eşidilib, paytaxtın rəhbəri Vitali Kliçko şəhərin Darnitski və Dneprovski rayonlarındakı infrastruktur obyektlərinə rusların raket zərbələri endirdiyini bildirib. İlkin məlumatlara görə, Rusiya qoşunları Xəzər dənizindən Tu-95 təyyarələrindən raketlər atıb. Bir raket isə havada məhv edilib. “Ukrzaliznitsa” rus qoşunlarının bazar günü Darnitsa avtomobil təmiri zavoduna 4 raket atıldığını təsdiqləyib.
O da sirr deyil ki, Rusiya bütün gücünü tezliklə nəyəsə nail olmağa səfərbər edib... Az qala bütün cəbhə boyu döyüşlər gedir...
A.Məmmədli