İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının – AIPS (International Sports Press Association) 84-cü Ümumdünya Konqresi keçirilir.

Tezadlar.az AZƏRTAC-a istinadla xəbər verir ki, oktyabrın 4-dən 6-dək davam edəcək konqresdə ölkəmizi AIPS-in üzvü olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov, assosiasiyanın birinci vitse-prezidenti və beynəlxalq əlaqələr üzrə koordinator Nərgiz Mahmudzadə təmsil edirlər. Tədbir çərçivəsində AIPS İcraiyyə Komitəsinin iclası, konqresin rəsmi açılış mərasimi, müxtəlif qitələr üzrə sessiyalar, panel iclasları və seçkilər keçirilib.

AIPS-in qitə səviyyəli qurumu olan Avropa İdman Mətbuatı İttifaqının Baş Assambleyasında növbəti 4 il müddətinə ittifaqın prezidenti, baş katibi, icraiyyə komitəsi üzvlərinin seçkiləri keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti N.Mahmudzadə icraiyyə komitəsi üzvlüyünə namizədlər sırasında olub. Səsvermə nəticəsində 39 ölkədən 31-nin nümayəndəsi N.Mahmudzadənin Avropa İdman Mətbuatı İttifaqı icraiyyə komitəsi üzvü seçilməsinin lehinə səs verib. Beləliklə, N.Mahmudzadə Avropa İdman Mətbuatı İttifaqının icraiyyə komitəsinin üzvü seçilib və ölkəmiz 4 illik müddətə bu mötəbər qurumun rəhbərliyində təmsil olunacaq. Qeyd edək ki, AIPS 1924-cü il iyulun 2-də Parisdə yaradılıb və hazırda 164 ölkə assosiasiyada təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə təsadüf edən 77-ci konqresinə ev sahibliyi edib. Bakıda keçirilən konqresə 100-dən çox ölkənin nümayəndəsi qatılıb.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılovu bu mötəbər tədbirdəki uğurlarına görə ürəkdən təbrik edirik.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN