Azərbaycan Yazıçılar Birliyi ətrafında Azərbaycan Yazıçılarının 13-cü Qurultayından sonra yaranmış süni qalmaqal cəhdlərinə Qurultay nümayəndəsi və AYB-nin üzvü olaraq münasibətim...
Oktyabrın 26-da Azərbaycan Yazıçılarının 13-cü Qurultayı ölkəmizin ən aparıcı ədəbi, ictimai-siyasi nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə keçirildi. Xarici ölkələrdən də qonaqlar dəvət edilmişdi. AYB-yə sədr seçiminə keçmək üçün bütün çıxışların kəsilməsini xalq yazıçısı Elçin təklif elədi və 400 nəfərdən çox nümayəndə də bu təklifi açıq formada səsə qoyaraq yekdilliklə qəbul etdi. Elə bu vaxt heç kimin tanımadığı, qara mətbuatın “gənc yazarlar” adlandırıb utanmadan qəhrəmana çevirdiyi, adlarını mətbuatdan oxuduğumuz Emil və Fuad adlı şəxslər özlərini namizəd kimi irəli sürdülər və əvvəlcədən planlaşdırılmış şəkildə qışqırmağa başladılar. Dərhal bəzi televiziyalar, əksəriyyəti də internet televiziyaları, o cümlədən “sensasiya” yaratmaq istəyən mənşəyi naməlum, tərbiyəsi, etikası, jurnalist savadı olmayan sayt sahibləri tökülüşüb heç kimi də onlara yaxınlaşmağa imkan vermədən videoya çəkdilər, məsələnin mahiyyətini öyrənmədən, dəqiqləşdirmədən “yazıçıların qurultayında qalmaqal”, “yazıçıların qurultayında dava düşdü”, daha nə bilim, nələr başlığı altında hərəsi öz səviyyəsinə uyğun dərhal yaydılar.
İndi biz bunu necə başa düşək? Bu, xəyanət deyil, bəs nədir? Ölkənin o boyda fikir sahibləri qalıb bir tərəfdə, bu qədər azğınlaşmış media mənsubları əllərindəki texniki vasitələrdən istifadə etməklə ictimai fikri çaşdırmaqla məşğuldurlar. Həmin iki nəfərin cavabı elə yerindəcə Qurultay nümayəndələri tərəfindən layiqincə verildi və onlar da rüsvay olduqlarını başa düşüb bir dəqiqənin içərisində zaldan qaçdılar.
Qurultay başa çatdıqdan sonra iştirakçılar dağılıb gedəndə “BakuTV” adlı internet televiziyasının müxbiri getməkdə olan AYB-nin birinci katibi xalq yazıçısı Çingiz Abdullayevin dalınca düşərək ona: “Sənin borcundur, mənə cavab verəsən, o pullar hara xərclənib, nə eləmisiniz axı” – dedi. Çingiz Abdullayev də ona müvafiq cavabını verdi.
Əlinə mikrofon almış həmin o jurnalist oğlana səslənirəm. Sualını verdin, cavabını da aldın. Lakin sən bundan sonra cavabdan narazı qaldığını bildirirsən, sanki maliyyə-təftiş komissiyasısan. Sual olunur, sən kimsən özünə belə səlahiyyət verirsən? Mən sizləri məsələyə düzgün yanaşmağa dəvət edirəm. Əgər deyilənləri özünə təhqir hesab edirdinsə, gedib sivil qaydada məhkəməyə müraciət edərdin, buna da, yaxşı bilirsən, haqqın yoxdur. Daha AYB-nin işgüzar nüfuzuna və dünyaşöhrətli xalq yazıçısı Çingiz Abdullayevə qarşı mənfi ictimai fikir, rəy formalaşdırmağa çalışmazdın.
Nəticədə də Çingiz Abdullayevi özündən çıxartdılar. Sonra da həmin qurama süjeti kontekstdən ayırıb AYB-yə qarşı düşməncəsinə bütün elektron KİV-lərdə ictimailəşdirdilər. Necə deyərlər, elə elədilər ki, kələfin ucunu itirdilər.
AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bu qurama hadisəyə özünün facebook səhifəsində çox doğru-düzgün münasibət bildirib. Qurultayda onun şəxsən özü də heç bir ədəb-ərkan gözləməyən, özünü apara bilməyən bir media mənsubuna hər kəsin gözü qarşısında açıqca iradlarını bildirdi, “Media haqqında” Qanunun tələblərini xatırlatdı.
Mən reketlik edən, burnunu hara gəldi soxan, şər-böhtandan başqa heç nə bilməyən, saytında qərəzli yaydığı yazları pul müqabilində qoyub-götürən, cibində vəsiqə, əlində video-kamera, mikrofon qanunsuz əməllərlə məşğul, xaricdəki radikal blogerlərə məlumatlar ötürən özünü jurnalist adlandıranların siyahısını təqdim edə bilərəm. Media qurumlarından xirtdəyəcən çirkabın içərisində olanları kifayət qədərdir. Əlbəttə, sözüm vicdanlı, peşəkar, işini bilən, qərəzsiz jurnalistlərə və media qurumlarına şamil deyil. İndi görürəm, bəziləri, aralarında ciddi imzalar da var, durub palaz-palaz bəyanatlar yayırlar ki, Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir, elə olmalı deyil, belə olmalıdır, Rəşad Məcid jurnalisti müdafiə eləməlidir, daha nə bilim nələr... Əvvəla, gedin özünüz məsələnin mahiyyətini öyrənin və sonra da zəhmət çəkin, o jurnalisti və onun kimiləri başa salın. Eyni zamanda, Prezident cənab İlham Əliyevin iştirakçılarına təbrik məktubu göndərdiyi AYB-nin Qurultayına qanunazidd əməllərinizlə kölgə salmayın. Birmənalı olaraq da bilin ki, Azərbaycan Yazıçılarının 13-cü Qurultayında cənab Prezidentin təbrik məktubunda qeyd edildiyi kimi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparılmış və əhəmiyyətli qərarlar qəbul edilmişdir.
AYB-nin işgüzar nüfuzuna və AYB-nin timsalında şəxsən Çingiz Abdullayevə, o cümlədən Rəşad Məcidə qarşı aparılan qarayaxma kampaniyasının məkrli məqsədini ölkə ictimaiyyəti, ziyalılar yaxşı bilirlər. Bizim heç nədən narahatlığımız yoxdur. Ona görə ki, təmiz vicdan heç vaxt şər-böhtandan qorxmaz. Atalar sözüdür: “Hərcayi sualın mərcayi də cavabı olar”.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN