İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha bir humanist addıma imzasını qoydu...
Bildiyimiz kimi, uzun müddətdir hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsini davam etdirsə də, səhhətindəki problemlər qalmaqda idi. Onu bu yaxınlarda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə yerləşdirsələr də, orada səhhətindəki ciddi narahatlıq davam etmişdir.
Nəhayət, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən intensiv müalicəsi üçün o, EGE Hospitalına köçürülmüşdür. Agentlikdən "Təzadlar"a bildirilib ki, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır. Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etmişdir. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşmiş və təkrar olaraq Mərkəzə müraciət etmişdir. O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.
Agentliyin bu humanist addımı alqışa layiqdir, ictimai dəstək və rəğbət qazanmaqdadır.
A.Məmmədli