Azərbaycan Dövlət Televiziyasının sabiq, lakin tanınmış simalarından olmuş İlqar Əlfioğlu televiziyalarımızın bu gününü ustalıqla təsvir və tənqid edən status paylaşıb.

O, tamaşaçının bu gün ölkə TV-lərinə niyə və nə üçün baxdığını və ya baxmaq istəmədiyini incəliklə təsvir edib Sitat: «Mənim başım çıxmır, niyə Sovet vaxtı kütlə televizorda dövlətin lazım bildiyi kontentə baxırdı? Çünki televiziya kütlənin istədiyini yox, məsləhət bildiyi ağıllı şeyləri göstərirdi, xalqın da alternativi yox idi, məcburən baxır, qaşıq-qaşıq ağıllanırdı. Onda da bir kanalda Stiven Hokinqin söhbətlərini, digərində "filankəs xanımın" qarderobunu göstərsəydilər, alimə baxan olmazdı. Elə bu səbəbdən dəyərsizlər ekrandan yeddi ağac kənar gəzirdi. Nə isə... Televiziyaları qınamayın məncə, ayrı-ayrı yarıtmaz qurumlarımız kimi onlar da "supermarket dəstiri"lə isləyirlər. Elə bilməyin ki, saytlar yaxşıdır. Sadəcə, onların auditoriyası zəifdir deyə, elə görünmürlər. Fərasətlilər yuxarıda özünə bir "dayday" tutub, saytın "piyarını" aparır, rayonda tədbir olanda da həmin dayday deyir ki, niyə informasiyanı filan sayta vermirsən? Rayondaki fağır məmur da 500 manatından keçib, xəbəri deyilən yerə verir. Ona görə mətbuatdakı "qucaqdaoturanlar" canını işinə qoyanlardan yüz dəfə yaxşı yaşayır. Mən hər şeyi ad-familiyasıyla yazardım, bütün mexanizmi açardım, amma mənası yoxdur, çunki hamı bilir. Mənimsə bildiyim bir şey var: bu "muncuq oyunu" da əvvəl-axır bitəcək, örkən nə qədər uzun olsa, axırı doğanaqdan keçəcək...».

 Bəli, bu gün internetin və sosial medianın texniki «bicliklərindən» bəhrələnib özləri üçün süni reytinq quraşdıranlarla peşəkar media siyasətinə könül verənlər arasında olan çat da böyüyür, sərhəd genişlənir. Qida təhlükəsizliyimizdəki süni və sintetik məhsulların ağrısını indi canımızda necə çəkiriksə, tezliklə bu süni və sintetik reytinqxanaların da altını milli düşüncəmizdə eləcə çəkməli olacağıq…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN