Ötən gün redaksiyamızda olan AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Xəliyəddin Xəlilli

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə ünvaladığı ərizəsinin surətini «Təzadlar»a təqdim etdi. Kənd təsərrüfatı nazirinin sabiq müavini Baş prokuror Kamran Əliyevə ünvanladığı ərizəsində yazır:

kamran_eli

«Çox hörmətli cənab Baş Prokuror! 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab  İ.H.Əliyev Kəlbəcər rayonuna İcra Başçısı təyin edərkən həyəcanla “Hara baxırsansa, hər addım cinayətdir, hər addım rüşvətdir” – deyə xalqdan bu istiqamətdə kömək istəyirmiş kimi yeni təyinat alan icra başçısına müraciət edərək tövsiyyələrini verdi.

 Bir tarixçi kimi mənim də rüşvəti doğuran səbəblər, Azərbaycanda onu kommunist rus imperiyasının kütləviləşdirməsi haqqında bilgilərə malik olmaqla rəsmi sənədlərlə tanış idim. Lakin bu günlərdə SSRİ DTK-nın keçmiş polkovniki Rövşən Novruzoğlunun Kremlin “Ən Məxfi” qrifi ilə qorunan arxiv sənədləri əsasında “Korona virusu Azərbaycan genetikasında” (“genetik ölüm” (B., 2020) adlı əsəri barədə birinci dəfə eşitdiyim bəzi məlumatları Sizin diqqətinizə çatdırmaq istədim, lakin tərəddüd etdim. R.Novruzoğlu Kremldə mühafizə olunan sənədlərə istinadən yazır ki, «…Kreml “Gen əməliyyat”ları ilə Azərbaycanda genetik xəstəliklər kateqoriyasına daxil olan 63 xəstəlik, onun 240 sindromunu bilərək Azərbaycanda yaydı, 4,8 milyon azərbaycanlını və seçmə soylarını məhv etdi (s.33). Kremlin Azərbaycanda həyata keçirdiyi çoxsaylı “insanı insanlıqdan çıxaran” tədbirlərdən biri xalqa “ləyaqətsiz yaşamaq vərdişləri aşılamaq və “qeyri-qanuni doğulmuş uşaqları” dövlət strukturlarında yerləşdirməsi və onlara ən yüksək statuslar verməsi idi. “Qeyri-qanuni doğulanlar xüsusi imtiyazlarla böyüdülürdü, yüksək vəzifə və səlahiyyətlərə malik olurdular. Onların imzaları olmadan respublikanın ən vacib problemlərinin həll olunması mümkün deyildi. Odur ki, strateji məsələlərin böyük bir qismi yarımçıq qalırdı. Məsələn, Azərbaycanda Bank sisteminin qurulması, pul dövriyyəsinin nizama salınması və yaxud Bakıda metro stansiyalarının, tunellərin çəkilməsində... belə adamlar maneçilik törədir, onlar millət üçün fəlakət gətirirdilər (s. 279-280, 341-342)».

Dövlətçiliklə az-çox tanış olan hər bir şəxs bilir ki, “Bank sisteminin qurulması və pul sistemi” ölkənin, dövlətin, xalqın qan dövranı deməkdir. Təsadüfi deyil ki, imperiya “əxlaqsız yaşamağa vərdiş etmişləri” və “qeyri-qanuni doğulmuşları” birinci növbədə Azərbaycanın bank və maliyyə sistemində yerləşdirmişdir. Onlar Azərbaycanın bu orqanlarında dərin kök saldıqlarından müstəqillik illərində də bank, maliyyə sistemində ciddi təsirə malikdirlər. Ən çox qanun pozuntusu və dövlət vəsaitinin müxtəlif formalarda mənimsənilməsi bu sektorda baş vermişdir.

***

Onu da deyim ki, bu ilin sentyabr ayının əvvəllərində televiziyada 2024-cü ilin başlanğıcından pensiyaların artırılacağı haqqında məlumat məni pensiyamda nə qədər artım olacağını öyrənməyə sövq etdi. Yaxınlığımızdakı Dərnəgül “Dost mərkəzi”nə getdim. Müvafiq pəncərəni tapıb məqsədimi bildirdim. Bir nəfər cavan oğlan kompüterdə mənimlə bağlı materialları araşdırıb, pensiyamın 165 manat artacağını bildirdi. Təxminən bir aydan sonra telefonuma mesaj gəldi ki, pensiyam 165 manat deyil, 65 manat artırılacaq. Yenə Dərnəgüldəki “Dostluq mərkəzi”nə getdim, pensiyamın artırılacağı haqqında rəqəmin dəyişməsi səbəbini soruşdum. Bildirdilər ki, əvvəl düz hesablanmayıb, pensiyanızı yenidən hesablayanda məlum oldu ki, 65 manat artacaq.

 Bunun ardınca 14 noyabr 2023-cü il tarixdə “Dostluq mərkəzi”ndən  məktub aldım ki, “ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” 2020-ci ildə pensiya hesablananda mənə pensiya düz hesablanmayıb, son 3 ildə 2731,75 manat artıq pensiya almışam, təcili, pulu könüllü olaraq DSMF-na qaytarmasam, haqqımda qanunvericilik tədbirləri görüləcək.

 Hörmətli Baş Prokuror. Əvvəla, mən ailə başçısını itirməyə görə pensiya almamışam. Mənim pensiyam DSMF-da əmək haqqımdan toplanmış öz şəxsi kapitalımdır. DSMF-nin insanlara belə səthi, oyuncaq kimi yanaşması şübhə yeri qoymur ki, fond növbəti hesablamasında mənə pensiya düşmədiyini deyə bilər. Odur ki, özümü müdafiə üçün hüquqi dayaq axtarmağa başladım. Mənə məlum oldu ki, DSMF-nin belə qanunsuz hərəkət və fəaliyyətləri qarşısında dövlət də acizdir, heç Respublikanın Ali Qanunverici orqanı Milli Məclis də ona «gözün üstə qaşın var» deyə bilmir.

 Üzləşdiyim bu bu hadisə – qanun pozuntusu DSMF-nin illərlə davam edən əyləncəsidir. Bu təşkilat xalqa xidmət adı altında sistemli cinayətkarlıqla məşğul olmuş, yüz minlərlə adama saxta üsullarla 2-ci və 3-cü dərəcəli əlillik qrupu və ona müvafiq pensiya vermişdir. Qurumun sabiq sədri və sonradan nazir Səlim Müslümovun, digər vəzifəli şəxslərin barəsində məhkəmə hökmlərinin çıxarılması dediklərimin sübutudur. Dövlət bu saxta təqaüdləri ləğv edib, ödənişləri dayandırsa da, DSMF əməkdaşlarının qeyri-qanuni haraya, necə yönəltdiyi milyonlarla vəsaiti geri qaytara bilməyib, maliyyə amnistiyası verməyə məcbur edilmişdir. Respublika Həmkarlar İttifaqı Federasiyasının vitse – prezidenti Cəmaləddin İsmayılov yazır ki, «…DSMF-nin 2-ci və 3-cü dərəcəli əlilliyə görə təqaüd təyin etmə üsulu artıq əmək pensiyaları təyin etmə qaydalarına da sirayət etmişdir. Axtarışımız zamanı məlum oldu ki, problem Azərbaycan Respublikası Ali Qanunverici orqanı Milli Məclisə də məlumdur və burada müzakirə də olunub. Lakin problemin həlli üçün heç bir praktiki təşəbbüs göstərməyib».

 Maraqlıdır, millət vəkili, iqtisadçı – ekspert V.Bayramov “qeyri-qanuni” ödənən “əlavə”, “qanunsuz hesablanmış” pensiyanın DSMF-na qaytarılması üsulundan bəhs edir, lakin pensiyanın nəyə görə “qeyri-qanuni yolla” – “qanunsuz” verilməsi səbəbinə və buna yol vermiş məmurların məsuliyyətinə zərrə qədər də toxunmur.

 Problemə  ekspert Rauf  Qarayevin də münasibəti V.Bayramovunku kimidir. V.Bayramovdan fərqli olaraq, problemin cinayət xarakterini pərdələməyə çalışan R.Qarayev “qeyri-qanuni”  pensiyanı “düzgün hesablanmamış” pensiya adlandırır. Onlar təklif edirlər ki, “qeyri-qanuni” alınmış pensiyalar hər ay 20 faizdən çox, 10 faizdən az olmamaqla hər ay vətəndaşın pensiyasından tutulsun. Həmkarlar İttifaqı Federasiyasının vitse – prezidenti Cəmaləddin İsmayılov isə təklif edir ki, “qanunsuz pensiyalarda” “vətəndaşın günahı yoxdursa, bu ödənişlər silinməlidir”. 

 Görəsən dünyada və ölkəmizdə vətəndaşın özünə pensiya müəyyənləşdirməsi və bu haqda sərəncam verməsi haqqında bir qanunçuluq varmı? Pensiya yaşı çatanda sənədlərini DSMF-na təqdim etməkdən başqa vətəndaşın heç bir hüquq və səlahiyyəti yoxdur. Ümumi hüquqa görə ilkin mənbəyi yoxlayıb, həqiqiliyini müəyyənləşdirib, onu şəxsi imzası və möhürlə təsdiqləyən şəxs cavabdeh şəxsdir. Respublikamızda mövcud qanunçuluğa görə hər bir dövlət orqanı və ya özəl müəssisə hər hansı sənəd hazırlayanda və ona təqdim olunan sənədi hüquqi baxımdan qanuniliyini müəssisənin  hüquqşünası ilə dəqiqləşdirəndən sonra onun istifadəsinə – işlək hala salınmasına icazə verir. Bizə elə gəlir ki, bu qanun eyni ilə DSMF-na da aiddir və aid edilməlidir.

 Maraqlıdır, Milli Məclisin deputatı V.Bayramov, iqtisadçı – ekspert R.Qarayev, Respublika Həmkarlar İttifaqı Federasiyası vitse – prezidenti C.İsmayılov “qeyri-qanuni” pensiyalardan bəhs edərkən, bir dəfə də olsun Azərbaycanda yeganə pensiya təyin etmək hüququ olan DSMF-nun cavabdehliyinə, onun hüquqi məsuliyyətinə toxunulmur. Vətəndaşlarımızın yadında olar, 2-3 il əvvəl Respublika mətbuatında yüz minlərlə adama qeyri-qanuni üsullarla ikinci və üçüncü dərəcəli əlillik qrupları müəyyən edilib təqaüd təyin olunması geniş yer almışdı. Mətbuat problemin vətəndaşlarda hüquqa və dövlətə inamsızlıq doğuracaq variantlarını uydururdu. Məsələ çox ajiotaj yaratdığından Milli Məclis problemə müdaxilə etdi, saxta üsullarla təyin olunmuş əlillik qrupları və onlara təyin olunmuş pensiyalar ləğv edildi, pensiya adı altında dövlətin mənimsənilmiş milyonlarla pul vəsaiti geri qaytarılmadı, ona amnistiya verildi.

 Təəccüblüdür, Ali Qanunverici orqanımız Milli Məclis yüz minlərlə insanın cəlb olunduğu cinayət əməlinin aradan qaldırılması və vətəndaşın dövlətinə, onun qanununa və qanunçuluğuna hörmət doğuracaq, inam yaradacaq qanunvericilik təşəbbüsü ilə çıxış etmədi və hələ də etmir. Problemin həll edilməsinə münasibət göstərən yuxarıda adını çəkdiyimiz şəxslərdən yalnız Respublika Həmkarlar İttifaqı Federasiyasının vitse – prezidenti Cəmaləddin İsmayılov çox ehtiyatla yazır: “DSMF əməkdaşlarının qanunsuz pensiya hesablanmasına görə hüquqi məsuliyyəti nəzərdə tutulacağı halda bu qərar düzgün olacaq”.

 Millətin ən həssas – vətən, xalq, dövlət qarşısında müxtəlif forma və məzmunda xidmət göstərmiş, yaş, xəstəlik və müxtəlif səbəblərdən əmək fəaliyyətini dayandırmış, onların içərisində milli fəxri xidməti olan şəhid ailələri, qazilər, xüsusi xidməti olan alimlər, elmi – texniki yenilik müəllifləri, fərqi yoxdur adi zəhmət adamının – sosial təbəqənin pensiya, yardım və müavinətin təşkili və ödənişi ilə məşğul olan DSMF-nun qanun qarşısında heç bir cavabdehliyinin, hüquqi məsuliyyətinin olmaması, kütləvi cinayət başında yaxalananda belə sakitcə amnistiya edilməsi təəccüb doğurur. Bu vəziyyəti doğuran səbəb haqqında fikir söyləməyə acizəm. Bu haqda düşünəndə beynimdə baş qaldıran fikir Kremlin dövlət strukturlarımızda, xüsusən “Bank, ... pul dövriyyəsinin nizama salınması sistemində” yerləşdirdiyi zaman – zaman “... millət üçün fəlakət gətirmiş” “qanunsuz doğulmuş” və “ləyaqətsiz yaşamaq vərdişləri aşılanmış” təbəqənin tör-töküntülərinin dövlət sistemimizdən, o cümlədən DSMF-dan tam təmizlənməməsi… olur.

Hörmətli Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev, bu ərizəni Sizə ünvanlamağımın birinci səbəbi odur ki, təyin etdiyi pensiyaya heç bir hüquqi cavabdehlik daşımayan DSMF haqqında konkret kimə müraciət etməli olduğumu hələ də müəyyən edə bilmirəm. Göründüyü kimi, Milli Məclis kimi qanunvericilik təşəbbüsünə malik məhkəmələrimiz də neçə illərdir bu fondun cinayətlərinə susur. Prokurorluq dövlət ittihamçısı olmaqla bərabər, Respublikamızda cinayətə qarşı mübarizədə mərkəzi yer tutmaqla aktiv fəaliyyəti ilə diqqəti cəlb etdiyindən ərizə ilə kömək üçün Sizə müraciət etməyi məqbul hesab etdim.

Hörmətli Kamran müəllim, Sizə şəxsiyyətimlə bağlı iki məlumatı verməyi lazım bilirəm. Mən 1988-ci ildə ermənilər Qarabağa sahiblik iddiası ilə çıxış edəndə DTK təzyiqini dəf edərək Azərbaycanda ilk dəfə ermənilərin Qarabağa, İrəvana və digər Azərbaycan ərazilərinə XIX əsrdə köçürülüb gətirilməsi haqqında imperiyanın gizli saxladığı sənəd və mənbələri aşkarlayıb xalqa təqdim etməklə, onun işğalı dəf etməsi üçün hüquqi baza yaratdım.

Həmçinin 1990-cı ilin 20 Yanvar hadisəsi zamanı 5 nəfərlə ictimai dəfn komissiyasını yaratmaqla 42 gün Şəhidləri dəfn etməklə Milli Azadlıq mübarizəsinə dönməzlik verən “Şəhidlər Xiyabanı”nı yaradan 5 nəfərdən biri olmaqla 21 yanvardan 22 yanvara keçən gecə təşkil olunan Fövqəladə sessiyada iki dəfə çıxış etmişəm. Digər kitab və monoqrafiyalarım istisna olarsa,  “Azərbaycan xalqını dünyaya yenidən millət kimi təqdim edən 20 Yanvar” (B., 2003) monoqrafiyasının müəllifiyəm. Təəssüf ki, yaşım və sağlamlığım insana oyuncaq kimi baxan DSMF ilə istədiyim kimi mübarizə aparmağa imkan vermir. Hüquqlarımın qanuni müdafiə olunmasına yardımçı olmanız ümidi ilə Sizə əvvəlcədən təşəkkür edirəm".

REDAKSİYADAN: Bizcə, əlavə şərhə ehtiyac yoxdur. Hörmətli tarixçi alim Xəliyəddin Xəlillinin qaldırdığı problem və Baş Prokuror Kamran Əliyevə müraciətində qaldırdığı məsələ ölkə mediasının həmişə gündəmində olub, çoxsaylı məhkəmə mübahisələrinə yol açmışdır. Vətəndaşların bu tip şikayətləri isə səngimək bilmir. DSMF-nin hər dəfə yeni qaydalarla pensiya təyinatı 30-40 il əmək fəaliyyəti ilə məşğul olmuş insanların pensiya təyinatı zamanı gələcək həyatına ümidsizlik toxumu səpir. Ömrünü Vətənə və dövlətə xidmətdə keçirmiş, əmək fəaliyyətində olmuş belə insanlara aylıq 300-350 manat pensiya təyin etmək nə dərəcədə ədalətlidir? İnanırıq ki, Baş Prokurorluq bu müraciətə hüquqi aydınlıq gətirən qərarını ortaya qoyacaq.

«Təzadlar» 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN