Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə danışıqlara başlayıb...
“Nyu York Tayms" nəşrinin məlumatına görə, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyanın hakimiyyət orqanları ilə müvafiq danışıqlar son vaxtlar sürətlənib. Söhbət, təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir. Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi hüquqi cəhətdən qanunidirmi? Mövzunun aktuallığını nəzərə alaraq hüquq elmi sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimova müraciət etdik. Professor "Təzadlar"ın bu və ya digər suallarına belə cavab verdi:
- Professor, Bayden administrasiyasının dondurulmuş 300 milyard dollarlıq Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı sizin münasibətinizi bilmək maraqlı olardı...
- İlk növbədə onu qeyd etmək lazımdır ki, bu məsələ uzun müddətdir ki, ABŞ-da müzakirə edilir. Lakin bu günə qədər yekun qərar verilməyib və mənim fikrimcə, bunun bir neçə səbəbi var.
Əvvala, belə bir qərarın hüquqi cəhətdən əsaslandırılmasının çətin olmasıdır. Belə ki, pul vəsaitlərinin bloklanması onun özgəniləşdirilməsi üçün hələ əsas ola bilməz. Yəni Rusiyaya məxsus aktivlər bu gün ABŞ tərəfindən bloklansa da onun sahibi Rusiya olaraq qalır. Bunu dəyişməksə hüquqi cəhətdən çətin məsələdir. Bu məsələ ilə bağlı ABŞ hüquqşünasları da dəfələrlə müxtəlif səviyyələrdə fikirlər bildiriblər. Onlar qeyd edirlər ki, bu addım ABŞ-ın hüquq sisteminin beynəlxalq aləmdə nufuzdan düşməsi ilə nəticələnə bilər.
İkinci səbəb, ABŞ-ın azad və etibarlı bazar kimi formalaşmış imicinin korlanmasına dair olan təhlükədir. Belə bir qərarın qəbul edilməsi, eyni zamanda ABŞ-ın qiymətli kağızlar bazarına da mənfi təsir göstərə bilər. Belə ki, artıq beynəlxalq investorlar gələcəkdə ABŞ-a məxsus qiymətli kağızlara böyük məbləğdə vəsait yatırmağa ehtiyatla yanaşacaqlar. Eyni zamanda, bu qərar ABŞ-ın bank sektoruna da mənfi təsir göstərə bilər, çünki beynəlxalq investorlar üçün kapitalın təhlükəsizliyi əsas məsələdir. Üçüncü mühüm bir səbəbsə, ABŞ və Avropa İttifaqı tərəfindən belə qərar qəbul ediləcəyi təqdirdə Rusiyanın da bu ölkələrə qarşı oxşar qərar qəbul edə biləcəyi məsələsidir. Hazırda rusiyalıların hesablamalarına görə, Rusiya bazarında təxminən 600 mlrd. civarında ABŞ dolları məbləğində Qərb kapitalı mövcuddur. Ona görə də, Rusiya sözügedən qərara cavab addımı kimi öz ərazisində olan Qərb kapitalını milliləşdirə bilər. Hesab edirəm ki, yuxarıda sadaladığım faktorlar ABŞ başda olmaqla Qərb dövlətlərini belə addımdan hələ ki çəkindirir.
Təqdim etdi: A.Məmmədli