Ermənistan qarşıdan gələn dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsinin müddəalarını imzalamağa ümid edir.
Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada çıxış edərkən iddia etmişdi ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün “siyasi iradəsi” yoxdur və ola bilər ki, ona qarşı əlavə hərbi əməliyyatlar planlaşdırır. Sitat: “Bəzi səbəblərdən, müəyyən hesablamalara görə, onlar hər dəfə yeni ilkin şərtlər irəli sürürlər və biz görürük ki, Bakı sadəcə olaraq sənədi imzalamaq istəmir… Biz Azərbaycan tərəfdən siyasi iradə görmürük”("Turan").
Ararat Mirzoyan eyni zamanda bildirib ki, Azərbaycanın Ermənistan əraziləri ilə bağlı əlavə hərbi planlarının olması ilə bağlı ciddi narahatlıqlar var: “Bir misal gətirə bilərəm. Hazırda Azərbaycan Ermənistanın ərazisi olan “Qərbi Azərbaycan” terminindən istifadə edir. Bizi əmin edirlər ki, bu, ərazi iddiası deyil, amma təəssüf ki, təəssürat tamam başqadır”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın söylədiklərini qəbul etməyib: “Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətəuyğun olmayan fikirlər səsləndirib”.
Varşava Forumunun anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəldiyini deyən Hacızadə əlavə edib ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.
Siyasi analitik Oktay Qasımov ASTNA-ya müsahibəsində bildirib ki, Ermənistanın sülh sazişi imzalamağa hazır olması barədə bəyanatları həqiqət deyil və bunun əvəzinə Azərbaycana beynəlxalq təzyiq yaratmaq üçün daha geniş strategiyanın bir hissəsidir.
XXX
Bəli, reallıq budur ki, 30 illik işğal xülyalarını başından çıxara bilməyən Ermənistan siyasiləri indi də sülh müqaviləsini imzalamağı süni surətdə uzatmaqdadırlar. Təbii ki, vaxt Ermənistanın xeyrinə işləmir. Yüz illiklər boyu Rusiyanın qoltuğuna sığınaraq bölgədə siyasi- hərbi ərköyünlük edən Ermənistan indi Rusiyaya arxa çevirməyi ilə diqqəti çəkir. İndi Fransaya bel bağlayır. Amma bilməmiş deyillər ki, ən yaxın qonşu uğaqdakı ən doğma qohumdan irəlidir...
A.Məmmədli