Bakı Dövlət Universitetinin fakültələri arasında öz nüfuzu, ənənələri və məzunları ilə seçilən, yarandığı gündən bu günə kimi fəaliyyətini davam etdirən fakültələrdən biri də Şərqşünaslıq fakültəsidir.

1919-cu ildən əsası qoyulan Şərq şöbəsi az sonra müstəqil fəaliyyətə başlayıb. Bəkir Çobanzadə, Aida İmanquliyeva, Rəhim Sultanov, Ələsgər Məmmədov, Mübariz Əlizadə, Vasif Məmmədəliyev kimi elmi-pedaqoji fəaliyyətləri ilə tanınan görkəmli alimlərin bu gün də davamçıları şərqşünaslıq elminin inkişafında mühüm xidmətləri ilə tanınır. Bu fakültənin məzunlarının daim ölkənin ictimai-siyasi həyatında, beynəlxalq əlaqələrində xüsusi rolu olub. Həmçinin fakültənin tələbələrinin təcrübə məqsədi ilə müraciət etdikləri müəssisələrdən biri də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir.

Bu tələbələr arasında muzeyin direktoru, akademik Rafael Hüseynovun da tələbələri var. Alimin elmi istiqamətinin əsas hissəsindən biri də elmi-pedaqoji fəaliyyətidir. Bugünlərdə akademik Rafael Hüseynovun tələbələri Nizami Muzeyində olublar. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında dərs dediyi ikinci kurs tələbələri ilə növbəti mühazirəsini Nizami Muzeyinin ekspozisiyasında aparıb. Tələbələrə hazırda “İranın mədəniyyəti və incəsənəti” fənnindən dərs deyən Rafael Hüseynov mühazirəsini  muzeyin “İstiqlal zalı” ilə tanışlıqdan başlayıb  və onları bu tarixi bina haqqında məlumatlandırıb.

Sonra akademik Rafael Hüseynov növbəti mühazirəni məxsusi olaraq muzeyə təyin etməsinin səbəbini izah edərək bildirib ki, dərsliklər, auditoriyalarda oxunan mülahizələr öz yerində, ancaq öyrədilənləri bilavasitə görüb eşitməyin mənası tamam başqadır. Orta əsrlər İran mədəniyyətinin Azərbaycan mədəniyyəti ilə kəsişmə nöqtələri çoxdur və azərbaycanlılar tarix boyu İran ərazisindəki mədəniyyətin yaranıb inkişaf etməsində aparıcı qüvvə olmuşlar.

Ekspozisiyanı maraqla ziyarət edən gənc şərqşünaslar klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin – Əfzələddin Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digərlərinin həyat və yaradıcılığını əks etdirən əyani vəsaitlərlə tanış olublar. Eləcə də akademik Rafael Hüseynov onlara muzeyin ekspozisiyasındakı süjetli xalçalardan, rəssam Oqtay Sadıqzadənin Nizami Gəncəvi “Xəmsə”sinə töhfə olaraq yaratdığı beş əsərindən, Mirzə Fətəli Axundov, Əlimərdan bəy Topçubaşov, repressiya və mühacir Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiyadan bəhs edib.

Dərs saatının tarixi məkanda keçirilməsi, akademik Rafael Hüseynovun səmimi söhbəti gənc şərqşünasların tələbəlik illərinə yeni bir səhifə açıb.

Sonda Rafael Hüseynov müəllifi olduğu “Məhsəti Gəncəvi – özü, sözü, izi” kitabını və “Söz məbədi” bukletini tələbələrinə hədiyyə edib, növbəti yetirmələri ilə  keçən bu günü əbədiləşdirmək üçün xatirə fotoları çəkdirib. 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN