1989-cu ildə “Newsweek” jurnalında Azərbaycan xalqı “İlin xalqı” elan olundu

Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. Milli dirçəliş hərəkatı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə gedən yolda xalqımızın tarixinin əsas hadisələrindən biridir. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Həmin ilin noyabr ayında yüz minlərlə insanın toplaşdığı Bakının Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. 
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi.

Xalq etirazı həmin il noyabrın 22-də Bakıya sovet qoşunlarının çoxsaylı kontingentinin daxil olması, elan edilən komendat saatına baxmayaraq dayanmayıb, yalnız dekabrın 5-nə keçən gecə qoşunların və zirehli texnikanın tətbiqi ilə ümumxalq mitinqi qəddarlıqla dağıdılıb.
Lakin bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.

“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Amma jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmayıb.

“Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edən hər kəsi “İlin Adamları” elan etmişdi. Həmin nömrədə Çin, Polşa, Baltikyanı ölkələr, Macarıstan, və Almaniya haqqında məqalələr var. Amma bizim haqda heç bir qeyd yoxdur. Üz qabığındakı fotoda Bakıdakı etirazın olması belə yazılmayıb.

Bakı fotosunu seçilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi. Bu şəklin belə bir tanınmış jurnalın üz qabığında çıxmasının səbəbi Bakıda olan etirazların insan sayına görə dünyada ən böyüklərdən olduğundandır.

Bizdə olan mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə  bütün dünyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan edilmişdi. Azərbaycanlılar da onların arasında idi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN