Yazıçı Nüşabə Məmmədlinin Qarabağ mövzusunda əsərləri  haqqında düşüncələr...

  Tezadlar.az xatırladır ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına  Mərkəzi Kitabxanasına kitabxananın Fəxri oxucusu, yazıçı,  publisist  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Mənzər Niyarlı kitabxanaya  “Qarabağ sevgisiylə yaşayan yazıçımız” məqaləsini təqdim etdi. Məqalədə Nüşabə Məmmədlinin qəlbiylə, ruhuyla doğulduğu torpağa bağlılığından, yaradıcılığında Qarabağ mövzusu, Qarabağ müharibələri, şəhid, qazi, veteran və əsir düşmüş qadınların obrazı mühüm yer tutmasından bəhs edirlir. Məqalədə Mənzər Niyarllı yazıçı Nüşabə Məmmədlinin bir neçə əsərini təhlil edir.

Məqalə keçiddə yerəşdirilib: https://drive.google.com/file/d/1aA_O4ZQRDrWLfkDuuGdRfn3fYo2ZTvKZ/view?usp=drivesdk

 *** 

MƏNZƏR NİYARLI, yazıçı, publisist,

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

böyük elmi işçisi, Ə.Cəfərzadə mükafatçısı

 QARABAĞ SEVGİSİYLƏ YAŞAYAN YAZIÇIMIZ

...Qəlbiylə, ruhuyla doğulduğu torpağa bağlı olan istedadlı qadın yazıçılarımızdan olan Nüşabə Məmmədlinin yaradıcılığında Qarabağ və qadınlar mövzusu, Qarabağ müharibələri, şəhid, qazi, veteran və əsir düşmüş qadınların obrazı mühüm yer tutur. Onun elə bir əsəri yoxdur ki, başı müsibətlər çəkən, tarixi və  səfalı məkanlarından biri olan Qarabağdan bəhs etməsin. Qarabağ və bu gözəl diyara olan sevgi onun damarında axan qanındadır.

Müəllif yaradıcılığa şeirlə başlasa da, tez bir zamanda bir-birinin ardınca romanlar, hekayələr, esselər yazır. Onun əsərlərinin birinci cildinin ön sözündə naşir Akif Dənzizadə yazır: “Tanıdığım Nüşabə xanım ürəyinin başında bir ovuc Vətən torpağı gəzdirir. O torpaqda Şuşa, Ağdam, Xocalı, Laçınla yanaşı Bakı da var, Gəncə də, Naxçıvan da, Lənkəran da var, Quba da var”. Və yaxud: “Bu gün də bir ovuc torpaq onun üçün həm vicdan, həm namus, həm şərəf, həm də eşq, məhəbbətdir. Bütün bunlar onun xəlvətə çəkilib axan göz yaşları ilə islatdığı çoxcildli əsərlərinin doğma ocağıdır”.

 Müəllif qələmini nəsrdə sınayaraq, Xalq yazıçısı Əzizə Cəfərzadənin həyatından bəhs etdiyi “80 budağın hərəsindən bir yarpaq” povestini yazır. Əsər oxucular tərəfindən rəğbətlə qarşılanır. Qarabağda erməni separatçılarının baş qaldırması, azərbaycanlılara divan tutması, kənd, qəsəbə və şəhərləri yandırması, dinc əhaliyə qarşı zorakılıqları, qocaları, qadınları, uşaqları girov götürməsi hamı kimi yazıçını da sarsıdır. O, bu vəhşiliklərə biganə qala bilməzdi və tez bir zamanda “Zəngulə” povestini yazır. Əsərdəki hadisələrin çoxunu  müəllif öz gözləriylə görmüş, onların canlı şahidi olmuşdur. Povestdə hadisələr əsir düşmüş Rəhimə adlı bir qızın dilindən nəql edilir. Oxucuya məlum olur ki, vəhşi ermənilər girovluqda saxlanılanların başlarına min bir oyun açır, onları təhqir edir, ləyaqətlərini alçaldırlar. Tövlədə saxlanılan Rəhimənin gözü çıxarılır. Həcər arvad zorakılığa məruz qaldığı üçün özünü asır. Xurşid müəllimin döşünə xaç basılır. Şeyda xalanın uşağı susuzluqdan yana-yana dünyasını dəyişir. Əsəri ürək ağrısız oxumaq mümkün deyil.

Müəllifin bu əsəri yazmaqda məqsədi mənfur düşmənlərimizin qəddarlığını, onların iç üzünü bütün dünyaya çatdırmaqdır. Tanınmış şair Firuzə Məmmədli “Zəngulə” əsərinin müqəddiməsində yazır: “…Bu povestin əlamətdar cəhətlərindən biri də onunla bağlıdır ki, yazıçı hadisələrin təsvirində sehrçi deyil, iştirakçıdır. O, oxucusunu hadisələrin əsiri edir. Əsirlikdən qəribliyə düşən, burada da talesizliyin əsiri olan gənc bir azərbaycanlı qızının iztirabları ilə yaşayan oxucu, bədii əsər deyil, bütöv bir müharibə keçir, bütöv bir müsibət yaşayır”.

“Zəngulə” povestinin ikinci hissəsində Rəhimənin taleyilə oynayan erməni Samvel obrazı ilə rastlaşırıq. Həyatdan götürülmüş bu obraz əsərdə rəmzə çevrilir. Öz qızının sağalması üçün kimsəsiz, əsir qızı alıb, onun əzalarını öz qızına köçürmək, qalan hissələrini isə satmaq istəyən Samvel və onun “xanımı”nın əzazilliyi, eyni zamanda rəzilliyi ilk növbədə onların təmsil etdiyi ölkənin rəmzidir. “Zəngulə” əsəri təkcə baş vermişlərin fəryadını bu günə, gələcək nəsillərə çatdırılması ilə deyil, həm də mənfur düşmənə qarşı əldə silah hazır olmağa, həmişə ayıq-sayıq olmaq çağırışı ilə də qiymətli bir əsərdir.

N.Məmmədlinin obrazlarının dili koloritlidir. Müəllif onların hər birini Qarabağ ləhçəsi ilə danışdırır. Müəllif real hadisələrdən yazsa da, onun zəngin təxəyyülü güclüdür.  Onun yazıçı qələmi bu ağlasığmaz hadisələri ümumiləşdirərək mükəmməl  bir bədii əsər kimi oxucusuna təqdim edir.

1-n-3

Nüşabə xanımın Qarabağ müharibəsinə həsr etdiyi əsərlərindən biri də “Bu bir oyundur” hekayəsidir. Hekayənin qəhrəmanı “Zəngulə” əsərindəki girov qadınların taleyini yaşayan müəllimdir. Rus dili müəllimi Biganə balaca qızı ilə ermənilərə əsir düşür. Anaya işgəncə veriləndən sonra, erməni onu evinin birinə nökərçiliyə götürür. Biganə   hər cür əzaba qatlaşaraq yarı ac, yarı tox düşmən evində buyruq qulu olur, həm də erməni uşağına rus dilindən dərs keçir. Əsirlikdə yaşayan müəllimin daxili sarsıntılarına, ac qalan balasının yaşaması üçün hər cür əzabı mərdliklə qarşılamasına dözmək mümkün deyil. Ana əsirlikdə olduğunu gizlədərək qızına təsəlli verir. Özünün uydurduğu oyun növləriylə çox təbii, məharətlə onun başını qatır, əsirlikdə olduğunu qızından gizlədir. Zavallı qızcığaz yavan, quru çörəyi suya batırıb onu yedizdirən anasının uydurduğu yalanlara inansa da, yenə də sual verməyindən qalmır və uşaq düşüncəsiylə fikirləşir ki, bu bir oyundur. Quduzlaşmış ev sahibləri onları incidəndə, ac saxlayanda əgər ana-bala bu işgəncələrə dözürlərsə, deməli qalib olacaqlar. Biganənin isə qəlbindən qara qanlar  axır. Düşmən qapısında olduğunu, sonralar onları, ən çox da qızının başına nələr gələcəyini fikirləşərək gecə-gündüz göz yaşları axıdır.

Başqa bir hekayə. Yurd həsrətini qəlbində yaşadan müəllif şəhər və kəndlərimizin necə talan olunduğunu, necə yerlə yeksan edildiyini yuxularında görərdi. “Bayraq, papaq və həqiqət” hekayəsində yuxuda ata yurduna səyahət edən qəhrəman, müəllifin özüdür. Nüşabə xanım bu hekayəni 2008-ci ildə qələmə almışdır. O, Qarabağın viran qalmış yerlərini gəzdikcə sarsılır, burada düşmən tərəfindən xarabalığa çevrilən qoyulan, yanıb külə dönmüş evlərini, təhsil aldığı məktəbin, xəstəxanaların, uşaq bağçalarının, qəbirstanlıqların, məscidlərin yerlə-yeksan olduğunu görüb kövrəlir. Birdən qəhrəmanın gözü palçığa bulaşmış oğlan uşağının papağına sataşır. Bildiyimiz kimi, papaq Azərbaycan kişilərinin namus rəmzidir. Papağı görüb sevinən qəhrəmanımız fikirləşir ki, vaxt gələcək  bu papağın sahibi böyüyəcək, öz papağının ardınca işğal olunmuş Vətəninə qayıdacaq və həm papağını götürəcək, həm də düşməndən, qaniçənlərdən intiqamını alıb torpaqlarımızı azad edəcək. Ümid o papağın sahibinədir. Hekayə bu cümlələrlə bitir: “Bir sevinc hissi ani olaraq qəlbimdən keçdi. Vaxt gələcək bu uşaq başına dəstə yığıb papağının dalınca gələcək və doğma yurdunu işğaldan azad edəcək”.

1-n

N.Məmmədlinin “Atın sədaqəti, itin qəbahəti” adlı alleqorik hekayəsində  bir kişinin sadiq, sədaqətli atı və xain iti təsvir olunur. At sahibinə canla-başla xidmət edirsə, it isə hər cür iyrənc əməlləriylə sahibinə, ata xəyanət edir. Müəllif itin timsalında naşükür insanları nəzərdə tutur. Hekayədə üç obraz diqqət çəkir. Yorğa at, balası Sarıtel və Tula.  Erməni separatçıları Qarabağı işğal edərkən Ağdamın “Atçılıq” zavodunun bütün atlarını mənimsəyirlər. Sahibi bircə Yorğa atını və təzəcə doğulmuş Sarıteli əsirlikdən qurtara bilir. Qaçqın həyatı insanlara ağır zərbələr vuduğu kimi, heyvanlara da öz təsirini göstərir. Yarı ac, yarı tox həyət-bacada girlənən bu atlar sahibinə sadiq qalıb onun bütün buyruqlarını yerinə yetirirlər. Bəs sahibinin qonşu kənddən gətirdikləri it necə? İt isə naxələf çıxır, gah qonşuların toyuq-cücələrini oğurlayıb yeyir və sahibini qonşularla düşmən edir, gah gizlicə Sarıtelin budunu parçalayır. Ancaq tezliklə Tulanın iç üzü açılır. Sahibi sədaqətli bildiyi it  haqqında yanıldığını başa düşür və onu həyətindən qovur. Müəllif bu kiçik alleqorik hekayədə pis əməlləriylə sahibinə naxələf çıxan itin obrazını yaratmaqla insanlara ayıq-sayıq olmağı tövsiyə edir, tanımadığı, kökü, nəsli bilinməyənləri yaxın qoymamağa çağırır. Müəllifin bütün əsərlərində vətənpərvərlik ruhu yüksəkdir. Nüşabə xanımın qələminin gücü ondadır ki, Birinci Qarabağ müharibəsinin faciələrindən bəhs edən “Zəngulə” əsərini yazarkən yəqinliklə, tam əmin idi ki, vaxt gələcək ordumuz xalqımıza öz şücaəti, iradəsi sayəsində Qələbə sevincini yaşadacaq, bizi Zəfər xəbəriylə sevindirəcək.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi  44 günə başa çatdı. 2023-cü ilin 19-20 sentyabrında isə 23 saat  43 dəqiqəyə bütövlükdə Qarabağ işğaldan tam azad oldu. Ürəyi Vətən sevgisiylə döyünən Nüşabə xanımın, bizim, bütün Azərbaycan xalqının gözlədiyi gün gəlib çatdı. Bu yaxınlarda sevimli yazıçımız “Zəngulə” əsərinin davamı olaraq Qələbəmizə həsr etdiyi “Zəfər zənguləsi”ni (“Apostrof-A” nəşriyyatı) yazıb nəşr edərək biz oxuculara ərmağan etdi.

 Əsər real hadisələr və faktlar əsasında yazılıb. Romanın qəhrəmanları şəhidlərimiz, qazilərimiz, veteranlarımız, onların doğulduğu yerlər, uğrunda vuruşduqları məkanlar əsərdə təsvir olunur. Eyni zamanda keçmişimiz – Birinci Qarabağ müharibəsindəki faciələrimiz, vəhşi, insanlıq simasını itirən ermənilərin qandonduran işgəncələri xatırlanır. Qələbəmiz heç də itkisiz keçmədi. 3 minə yaxın qürur duyduğumuz, başımızı uca edən şəhidimiz qəhrəmancasına həlak oldu. Müəllif bu haqda yazır: “Qələbəni elə belə havadan-sudan alıb, gətirib bizə səbətdə hədiyyə vermədilər. Vətən oğulları, igidlərimiz, 18 yaşdan tutmuş ta general rütbəsini qazanmaq yaşına çatana qədər Vətənə vicdanla xidmət edən hərbiçilərimizin qanı, canı bahasına qazanılan Zəfər idi. Yüzlərlə qızımızın barmağında nişan üzüyü taxılmamış qaldı. Elə o qədər də gəncimizin toy dəvətnamələri paylandı, amma toysuz qaldı. Minlərlə uşaq şəhid övladı çağırıldı”.

1-n-1

Əsər Qələbədən yazılsa da ağrılıdır. Qeyd etdiyimiz kimi, romanda keçmişin ağrılı günləri, əsirlikdə işgəncələrə, cəzalara məruz qalan insanların acı taleləri ilə tanış olduqca göz yaşımızı saxlaya bilmirik. Dəyərli tarixçi-alim, politoloq, “Zəfər zənguləsi” romanının redaktoru Lətifə xanım Məmmədova kitab haqqında mülahizələrini belə ifadə edir: “Əziz oxucu! Bu kitabı asta-asta vərəqlə, onu incitmə, oradakı şəkillərə diqqətlə bax, kitabın vərəqlərindəki, şəkillərdəki yüksək hərarəti, ağrı-acını hiss et. Səninlə şəhidlər, igid ərənlər, qəhrəmanlar danışacaq. Onlarla gülüb, onlarla ağlayacaqsan. Bu da yazıçı Nüşabə Məmmədlinin qələminin məharətidir.

Əsəri oxuyarkən görürsən ki, çətin məqamlarda xalqımızın düşmənə qarşı tez bir vaxtda birləşə bilməsi, yadelli işğalçılara qarşı mübarizə ruhunda səfərbər olmağı bir həqiqətdir. Nüşabə xanım bunu göstərə bilib”.

Bəli, yazıçımız  bu qiymətli əsəriylə Vətən üçün canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirdi, qazilərimizin qorxmazlığını bir daha oxuculara tanıtdı. Tam əminliklə demək olar ki, “Zəfər zənguləsi” əsəri oxuyanların yaddaşında həmişəlik həkk olunacaq. Bu roman eyni zamanda tədqiqat aparanlar, məktəbli və tələbələr, geniş oxucu kütləsi üçün nəzərdə tutulub....

 MƏNZƏR NİYARLI, 

yazıçı, publisist,

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

böyük elmi işçisi, Ə.Cəfərzadə mükafatçısı

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN