İsti yay günlərində, zərdüştilərin Hörmüzün gözü adlandırdığı göy cismi kondisionerdən istifadə etməyənlərə sitəm etdiyi bir zamanda yazmaq, xüsusən də orfoqrafiya normaları və ya lüğəti barədə yazmaq elə də xoş deyil.
Orfoqrafiya lüğətləri yaralı yerlərimizdən biridir, bu lüğətləri tərtib edib ərsəyə gətirməyin çətin olduğunu da bilirik, amma 2004-cü ildən sonra çıxan lüğətlərin yarıtmazlığı daha çox subyektiv amillərlə, sükanın səriştəsiz şəxslərin əlində olması ilə bağlıdır, bunun cəzasını isə yazı-pozu ilə əlaqəsi olan cəmiyyət, xüsusən də orta məktəb müəllimləri və şagirdlər çəkir.
Ötən yazımızda istər normalarda, istərsə də lüğətin özündə olan bir sıra səhvləri sadalamışdıq. İkinci ötəri baxışda yenə səhvlərin şahidi olduq və onları yazmağın doğru olduğunu düşünürük. Beləliklə:
1. Normalarda iddia edilir ki, “2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s”.
BİZİM QEYD. Fikir düzgün ifadə edilməyib. Yəqin, normaları yazanlar özləri də bilirlər ki, mənbə dildə u saitli olub elə u ilə yazılan minlərlə söz tapmaq olar: abajur, abduksiya, abituriyent, bazubənd, surət... Bu bəndin olmasına ehtiyac belə yoxdur, amma israr edirlərsə, belə yazılmalı idi: “Mənbə dildə [u] saitli bəzi alınma sözlər...”
2. Normaların 3-cü bölməsi “Alınma sözlərdə samitlərin yazılışı” adlanır.
3.6. bənd belədir: “Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.“.
BİZİM QEYD. 1. Bu bəndin həmin bölməyə nə aidiyyəti olduğu anlaşılmır.
2.“Əslinə uyğun” ifadəsi son dərəcədə qeyri-dəqiqdir. Əgər mənbə dildəki kimi yazılması nəzərdə tutulursa, bu fikir yanlışdır. Çünki mənbə dildə aurum olan element qızıl, sulfur kükürd, nitrogemium azot və s. şəkildə yazılır.
Bir qədər araşdırandan sonra norma tərtibçilərinin “məntiqini” tapdıq. Bu qaydanı normalarda “Alınma sözlərdə samitlərin yazılışı” bölməsinə, bəlkə də, daxil etmək olar, amma o, 3.5.-dən sonra gəlib, yarımbənd ola bilərdi. Həmin bənddə deyilir:
“-iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.”. Burda “rus dilində -iy ilə bitən kimyəvi elementlərin adları mənbə dildəki kimi yazılır” sözlərini əlavə etmək daha doğru olardı. Görünür, elə belə də nəzərdə tutulub, amma düzgün ifadə edilməyib və yerində yazılmayıb.
3. “8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur”, Fikrimizcə, bu normaya ehtiyac yox idi, çünki qeyri-səmavi kitabların adları da böyük hərflə yazılır.
4. Əvvəllər mövcud olan qaydalara əsasən, Azərbaycan mənasında işləndiyi üçün Odlar Yurdu, Britaniya mənasında işləndiyi üçün Böyük Krallıq və s. birləşmələrin baş hərfi böyük hərflə yazılırdı. Normalarda bu barədə heç nə yazılmayıb.
5. 10-cu bölmə “Sözün sətirdən sətrə keçirilməsi” adlanır. Amma bölmədə mürəkkəb ixtisarların sətirdən sətrə, durğu işarələrinin yeni sətrə keçirilmədiyi də qeyd edilir. Göründüyü kimi, bölmənin adı düzgün seçilməyib. Çünki mürəkkəb ixtisarlar və durğu işarələri söz deyil. Yenə həmin bölmədə açılan mötərizə və dırnaq işarəsini sətir sonunda saxlamağın, eləcə də defislə yazılan sözləri sətirdən sətrə keçirərkən həmin sözləri defisdən bölməyin doğru olub-olmamağı barədə heç nə deyilmir.
6. Lüğətdə eyni mənada bəzən birinci hərfi böyük yazılan sözlər, bəzənsə böyük hərflə yazılan sözlər ifadəsinin işlədilməsi yanlışdır və normalar üçün ciddi nöqsandır.
Orfoqrafiya normaları barədə hələlik bu qədər. Bir qədər də lüğətdəki bəzi sözlər haqqında
1. Lüğətə ön sözdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu yazır: “Dildə işlənmək vəziyyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorum – yetərsay, plyaj – çimərlik, svetofor – işıqfor, vzvod – taqım, yubka - ətək və s. kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanılmışdır”.
Burada “dildə işlənmək vəziyyəti” deyərkən, yəqin ki, işlənmə intensivliyi nəzərdə tutulur. Elə isə qeyd etməliyik ki, plyaj, svetofor, yubka sözləri daha çox işlədilir. Dilimizdə qarşılığı tapıldığı üçün həmin sözlərin lüğətdən çıxarılması doğrudur, amma arqument kimi az işlənməyinin göstərilməsi yanlışdır.
Eyni şeyi diversifikasiya sözü haqda da demək olar. Əgər eyni mənada şaxələndirmə sözü qəbul edilibsə, on ildən çoxdur dövlət başçısı səviyyəsində yalnız ikinci işlənirsə, demək, həmin anlayış üçün müvafiq söz tapılıb və diversifikasiya lüğətə daxil edilməməli idi. Yəqin ki, lüğəti hazırlayanlar terminlərdə sinonim-dubletliyin yolverilməz olduğunu yaxşı bilir. Layihə sözü ilə yanaşı proyekt sözünün də lüğətə daxil edilməsini doğru saymırıq və belə nümunələr çoxdur. Lüğətdə milyonçu da var, milyoner də, milyardçı da var, milyarder də. Siyahını uzatmaq olar.
2.“Lüğətin quruluşu” bölməsində 7-ci bənddə yazılır: “Omonimlər ayrı-ayrı sözlər kimi deyil, bir söz kimi verilir”. Lüğətdə bu qayda pozulub: mina (hərb.).
Məlum olduğu kimi, əsli fransızcadan olan, torpağın, suyun səthinə və ya altına qoyulan, partlayıcı mərmi mənasında olan minadan başqa, fars dilindən keçən və büllur, şüşə, hamar mənası verən mina sözü də var və klassik ədəbiyyatda geniş işlənib: “Gərdənin çəkilmiş minadan, Pəri. (M.P.Vaqif), “Gərdənin minadır, boyun tamaşa” (S.Vurğun).
3. Yəqin ki, orfoqrafiya lüğətləri üçün ən böyük nöqsan orfoqrafik səhvlərə yol verilməsidir. Amma lüğətdə bir sıra orfoqrafik səhvlərə rast gəldik. Assosial. Azərbaycan dilində belə bir söz yoxdur, sosial olmayan mənasında asosial sözü var. Assosialın lüğətə necə düşməsi maraqlı gəldi. Cavabı AMEA-nın nəşrində tapdıq: Təranə Əliyevanın “Psixologiya tarixində neofreydizmin yeri və rolu” adlı məqaləsində bu söz assosial şəklində işlənib: “İctimai hissin inkişaf etməməsi assosial həyat tərzinə, nevroz və konfiliktə səbəb olur” (“Naxçıvan” Universiteti / elmi əsərlər/ 2017, № 3). Lüğət 2019-cu ildə çapa tövsiyə edildiyindən belə məlum olur ki, bu səhvə görə A hərfi bölməsini hazırlayan, eləcə də lüğətin məsul redaktoru, hörmətli professor İsmayıl Məmmədli yox, məqalənin müəllifi T.Əliyeva günahkardır. O, səhv yazmasaydı, lüğətə də səhv düşməzdi.
Modenizasiya. Təbii ki, belə bir söz yoxdur, bu, orfoqrafik xətadır.
Müsəmməs. Ərəb ədəbiyyatı üzrə mütəxəssislərdən də soruşduq. Ərəb şeirində müsəmmən (yeddilik) şeir şəkli və müsəmmət şeir janrı var. Ona görə bu sözün də səhv yazıldığını düşünürük və yenə “mayeyi-fəsad”ın akademiyanın bir nəşrindəki yazı olduğunu güman etmək olar: “Nüsxədə ا hərfi ilə bitən 1 qəzəl, ب hərfi ilə bitən 2 qəzəl, ر hərfi ilə bitən 48 qəzəl, ز hərfi ilə bitən 6 qəzəl, و hərfi ilə bitən 3 qəzəl, ت hərfi ilə bitən 3 qəzəl, ی hərfi ilə bitən 31 qəzəl, 1 qəsidə, 1 müsəmməs olmaqla ümumilikdə 150 şeir nümunəsi yer almışdır (7, 81)”. (AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, “Filologiya məsələləri” № 8, Bakı – 2019)
4. Məlumdur ki, bir sıra ikihecalı sözlər saitlə başlayan şəkilçi qəbul etdikdə sözün son saiti düşür. Amma ağız, ağıl, alın, beyin boyun, burun, qarın, oğul, çiyin… sözləri yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə kökdəki son sait düşür.
Əgər bu normaya əməl edilsəyidi, ağlabatan, ağlabatmaz, ağlabatmazlıq, ağlagələn, ağlagəlməz, ağlagirməz, ağlasığışan, ağlasığmaz, ağlasığmazlıq, ağlauyar kimi orfoqrafik səhvlər olmazdı. Maraqlıdır ki, həmin sözlər 2013-cü ildə çap olunan lüğətdə də eyni cür verilib, amma istər sovet dövründə, istərsə də müstəqillik illərində dərslik və testlərdə (Dövlət İmtahan Mərkəzinin testlərində də) biz dediyimiz qayda rəhbər tutulur. Doğrudanmı, lüğəti tərtib edənlər əmindirlər ki, biz bundan sonra “Ağıla paxıllıq olmaz” əvəzinə “Ağla paxıllıq olmaz”, ”Ağıla dair atalar sözləri” əvəzinə “Ağla dair atalar sözləri” yazmalıyıq?
5. Belə bir təsəvvür yaranır ki, lüğətə daxil ediləcək sözlərlə bağlı çərçivə prinsipləri qəbul edilməyib. Məsələn, alman dilində ismin hallarından olan akkuzativ və nominativ lüğətdə var, genitiv və dativ yoxdur. Professor İsmayıl Məmmədli (A) akkuzativi, aparıcı elmi işçi Nigar Ağayeva (N) nominativi daxil edib, amma filologiya üzrə fəlsəfə doktoru Fidan Salayeva (D) dativi, filologiya elmləri doktoru Nəriman Seyidəliyev (G) genetivi lüğətə daxil etməyə lüzum görməyib. Ümumiyyətlə, bu sözlərin lüğətdə olmasına ehtiyac varmı?
6. Lüğətdə neft-kimya sözünün defislə, neftkimyaavtomat sözünün defissiz
yazılmasını doğru hesab etmirik.
7. Lüğətə ön sözdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, hörmətli akademik Möhsün Nağısoylu yazır: “XIX əsrin söz ustalarından Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə və Seyid Əzim Şirvaninin, eləcə də sonrakı yüzilliyin əvvəllərində yaşayıb-yaratmış Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Nəcəf bəy Vəzirov, 11 Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı və b. sənətkarların bədii əsərlərinin dilində çox işlənən bir sıra sözləri də yeni lüğətə daxil etməyi məqsədəuyğun saydıq. Bu, yaxşıdır. Amma bu müəlliflərin əsərlərində işlənən və orta məktəb dərslikləri və testlərə düşən bir sıra sözləri lüğətdə görmədik: məsələn, müddəi, mühərrir, qəssal, ixtilat kimi sözlər bir sıra məhəlli sözlərdən daha çox vacib idi. Bundan başqa, ədəbiyyat nəzəriyyəsindən təfilə, mütədarik (əruz bəhri, bir çoxları lüğətdə verilib), müəşşər kimi sözlər də lüğətdə olmalı idi və onlar şopinqdən daha vacibdir deyə düşünürük.
8. Bəzi sözlərin ciddi diqqətsizlik üzündən lüğətə düşməməsi halları da var. Məsələn, lüğətdə altdakı var, üstdəki yoxdur, nömrəli var, saylı yoxdur, müştüklü var, müştüksüz yoxdur, minerallı var, mineralsız yoxdur, yovşanlı var, yovşansız yoxdur, nazbalışlı var, nazbalışsız yoxdur, nəqqaşsız var, nəqqaşlı yoxdur və s. Belə səhvlər, bəlkə də, yüzlərlədir.
Sonda bildirmək istərdik ki, 5 il əvəzinə, 17 ildən sonra vücuda gətirilən lüğət “bütün vətəndaşların istifadəsi üçün zəruri olan dəyərli və mötəbər bir qaynaq” ola bilərdi, amma bilmədi... Buna təəssüf edirik.
Xeyirli bazar günləri