Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən müəyyən olunmuş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.
Şənlik mərasimlərinin keçirildiyi məkanlarda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə həmin məkanların məsul şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə 80-ə yaxın şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxsləri iştirak edib. AQTA-dan "Təzadlar"a bildirilib ki, iclas zamanı yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskadan, əlcəkdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. İclasda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmasının vacibliyi vurğulanıb. Eyni zamanda, müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibinin birgə cavabdehlik daşıması iclas iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, AQTA əməkdaşları tərəfindən portalda müvafiq icazələrin alınıb-alınmaması, işçi heyətin tibbi maska, əlcək və s. qoruyucu vasitələrdən düzgün istifadəsi, müəssisədə çalışan şəxslərin 80%-də “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”nın mövcudluğu, eyni zamanda sıxlıq normaları və adambaşına düşən məsafə kimi məsələlərə nəzarət olunacaq.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və şənlik mərasimlərinin keçirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə sözsüz əməl olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.