Bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək, ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir:
"Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.
Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub".
Qeyd edək ki, meymunçiçəyi – virus etiologiyalı, təbii çiçək xəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və daha yüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir. Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropik meşələrin yaxınlığında olan ərazilərdə endemikdir.
Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir.
Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər.
Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur. Yoluxma halı təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.