Gürcüstanın altı müxalif partiyası - "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan", "Strategiya Ağmaşenebeli", "Droa", "Qirçi - daha çox azadlıq" və "Lelo" Rusiyanın Gürcüstn vətəndaşları üçün vizanı götürməsi və uçuşların bərpası barədə qərarı, həmçinin məsələyə hakim "Gürcü Arzusu"nun möveqyi ilə bağlı birgə bəyanat yayıblar.
TEZADLAR.AZ xəbər verir ki, bəyanatda hakim partiyanın ölkənin xarici siyasi kursunu dəyişdiyini və ölkədə Rusiya avtoritarizmi yaratmaq ərəfəsində olduğu bildirilir. Birgə bəyanatda qeyd edilir ki, hakim partiyanın atdığı addımlar ölkəni beynəlxalq təcridlə üz-üzə qoyur: “Beynəlxalq cinayət hüququnun icraçısı və terrorçu dövlətin başçısı kimi tanınan Vladimir Putinin fərmanı və Gürcüstan hakimiyyətinin razılığı ilə gələn həftədən etibarən Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpası planlaşdırılır. Gürcüstan hökuməti yalan danışır, guya Putin rejimi ilə birlikdə Gürcüstan iqtisadiyyatını və Rusiyada yaşayan soydaşlarımızın öz vətənləri ilə əlaqəsini gücləndirmək üçün bu qərarı verib. Əslində, bu, hakimiyyətin təbliğatında göründüyü kimi, heç də fədakar və zərərsiz qərar deyil. ABŞ Dövlət Departamentinin bəyanatına görə, bu qərar icra olunarsa, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər sanksiyalarla üzləşəcək. Bu bir faktdır ki, “Rus arzusu” Gürcüstanın xarici-siyasi kursunun dəyişməsinin və rus avtoritarizminin bərqərar olmasının son mərhələsini başlatdı. Məhz bu ay Gürcüstan hökuməti NATO-nun “Qoruyucu 2023” təlimində iştirakdan imtina etdi, Amerika Beynəlxalq Respublika İnstitutuna (IRI) və Amerika Milli Demokratiya İnstitutuna (NDI) hücum tipli bəyanatlar verdi, ikinci ən böyük Avropa siyasi ailəsini [Avropa Sosialistlər Partiyasını] tərk etdi və Rusiyanın birbaşa uçuşları ilə razılaşdı. Gürcüstan beynəlxalq təcrid və düşmən Rusiya ilə müttəfiqsiz qalmaq ərəfəsindədir. Putin və İvanişvilinin bu qərarına görə Gürcüstan açıq şəkildə Qərbin Rusiyaya qarşı sanksiya siyasəti ilə üzləşir. Gürcüstan hökuməti növbəti dəfə öz azadlığı, bizim və bütün sivil dünyanın azadlığı uğrunda mübarizə aparan Ukrayna ilə üz-üzə dayanır. Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyinin bu qədər real olduğu ölkəmiz üçün həlledici məqamda İvanişvili bir daha sualı gündəmə gətirir: Avropa, yoxsa Rusiya? Vahid Avropa ailəsində sülh, firavanlıq və təhlükəsizlik, yoxsa məğlub Rusiya ilə yoxsulluq, köləlik və ümidsizlik? Gürcüstan cəmiyyəti bir daha yekdilliklə, aydın və yüksək səslə deməlidir: düşmənlə əməkdaşlığa, Rusiya hökumətinə yox, birlikdə Avropaya! Biz Gürcüstanın demokratik, qərbyönlü siyasi partiyaları bu rejimi demokratik yolla dəyişmək, Gürcüstanı beynəlxalq təcriddən, Rusiya tərəfindən ölkəmizin azadlığına və dövlət suverenliyinə təhdidindən qorumaq üçün hər şeyi edəcəyik ki, tarixin qovşağında olan ölkəmiz Avropa İttifaqı və NATO, həmçinin ərazilərinin işğaldan azad edilməsi yolunda dönməz şəkildə dayansın”, - deyə altı müxalif partiyanın imza atdığı bəyanatda bildirilir.
24News.ge