Qüdrət Həsənquliyev: “Konkret şəxslərə görə qanunlara keçid
müddəaları daxil edib qanunları fərdlərə münasibətdə fərqli qaydada tətbiq etmək, dünən məqbul sayılsa da bu gün pis nümunədir və dəyişdirilməlidir”
“Bu, hakimləri həm də son yaş həddinə çatdıqda qeyri-peşəkar kimi yola salınmamaları üçün daha sözəbaxan edir, ədalət mühakiməsinə zərər vurur”
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev iyulun 2-də keçirilən plenar iclasında son yaş həddinə - 68 yaşa çatmış Ali Məhkəmə üzvlərinin təqaüdə göndərilməsinin zəruriliyi barədə birmənalıı qarşılanmayan fikirlərinin ətraflı izahını verib.
Millət vəkili BAXCP-nin mətbuat xidmətinə açıqlamasında deyib: “10 iyun 1997-ci ildə qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun “Hakimlərin səlahiyyəti müddəti” adlanan `96-cı maddəsinə görə, hakimlər üçün vəzifədə olmanın son yaş həddi 65 yaş müəyyən olunurdu. Həmin maddənin 1-ci hissəsində qeyd olunurdu ki, “Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək uzadıla bilər”. 30 dekabr 2014-cü ildə 96-cı maddəyə edilən dəyişikliklə bu müddəa Qanundan çıxarıldı. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya hakimləri üçün 66 yaş müəyyən olundu. Amma həmin maddəyə keçid müdəasında qeyd olundu ki, bu 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil olunmur. Məhkəmə-Hüquq Şurası (MHŞ) Aparatının rəhbəri Cavid Hüseynovun Haqqın.az saytına verdiyi açıqlamada istinad etdiyi Qanunun keçid müddəalarının 7-ci bəndi bu dəyişikliklə ləğv olundu. Buna baxmayaraq məsələnin mahiyyəti dəyişməz olaraq qaldı. Yəni, 96-cı maddəyə edilən dəyişikliklə əlaqədar qəbul olunan keçid müddəasına görə Qanundan çıxarılsa da, yenə də MHŞ-na səlahiyyət verildi ki, son yaş həddinə çatması ilə əlaqədar təqaüdə gedən hakimlərin fəaliyyətini qiymətləndirsin və “peşəkarların” səlahiyyət müddətini 70 yaşadək uzatsın.
Gəlin məsələnin etik tərəfinə fikir verək: Cavid Hüseynov qeyd edir ki, “hazırda 90 hakim 65 yaşına çatıb və onlardan 25 nəfərinin peşəkarlığından istifadə ilə bağlı səlahiyyət müddətləri 70 yaşınadək uzadılıb”. Bütün şüurlu həyatını hakim işləmiş digərləri isə belə çıxır ki, peşəkar deyillər və onlar hansı hisslərlə təqaüdə göndərilir. Onlara necə demək olar ki, sən peşəkar deyilsən? Həm də sadə məntiq deyir ki, deməli, hakim kimi qalıb işləmək mükafatlandırma və imtiyazdır. Çox düşündürücüdür. Bu, hakimləri həm də son yaş həddinə çatdıqda qeyri-peşəkar kimi yola salınmamaları üçün daha sözəbaxan edir, ədalət mühakiməsinə zərər vurur. Müasir hüquqi dövlətlərdə təqaüd yaşının artırılması vətəndaşın vəziyyətini ağırlaşdıran hal hesab olunsa da, belə anlaşılır ki, bizdə bu, əksinədir.
Bununla yanaşı, Konstitusiyanın “Normativ hüquqi aktlar” adlanan 149-cu maddəsinin birinci hissəsində deyilir ki, “normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə ) əsaslanmalıdır”. Amma bu məsələdə biz Konstitusiyanın bu təməl prinsipini pozuruq. Məsələyə dar çərçivədə yanaşanda Cavid Hüseynov düz deyir ki, formal hüquqi baxımdan Ali Məhkəmə sədrinin və qeyd olunan digər 25 hakimin səlahiyyət müddətinin artırılmasında problem yoxdur. Amma konkret şəxslərə görə qanunlara keçid müddəaları daxil edib qanunları fərdlərə münasibətdə fərqli qaydada tətbiq etmək, dünən məqbul sayılsa da bu gün pis nümunədir və dəyişdirilməlidir. Qanunla müəyyən olunmuş son yaş həddinə çatmış hər bir hakim istefa verməklə özünün və son yaş həddinə çatmış digər həmkarlarının hakimlik fəaliyyətinə yüksək qiymət verməli , “imtiyaz və mükafatlandırma” kimi təqdim olunan 70 yaşadək xidmətin uzadılmasından imtina etməli və bununla da ədalətli hakim olduqlarını təsdiq etməlidirlər. Əgər hakimlərin sağlamlığı yol verirsə, 70 yaşadək işləyə bilərlərsə, qanun dəyişdirilməli və son yaş həddi bütün hakimlər üçün 70 yaş müəyyən olunmalıdır. Mən isə, ümuniyyətlə, zaman-zaman iqtidarı çağırmışam ki, ədalət mühakiməsinin mənafeyi naminə, hakimlərin müstəqilliyini təmin etmək üçün onlar ömürlük təyin olunsunlar. Amma hakimlərə o hüquq verilməlidir ki, Əmək Məcəlləsi ilə müəyyən olunmuş pensiya yaşına çatdıqda istədikləri vaxt ərizə yazıb təqaüdə gedə bilsinlər. Çıxışımın motivini isə məhkəmə-hüquq islahatlarının genişləndirilməsi baxımından qanunvericiliyin təkmilləşdirilməsi, nəzəri baxımdan mümkün olan sui-istifadə hallarının qarşısının alınması, təqaüdə gedən hakimlər arasında ayrı-seçkiliyə son qoyulması təşkil edirdi”.