Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının
Əsasnaməsi haqqında sənəd müzakirəyə çıxarılıb.
Qeyd edək ki, sənəd 9 maddədən ibarətdir.
Əsasnamə İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
***
“Deputatlara verilən töhmətin müddəti 6 aydır. Bu, köhnə Kommunist Partiyasının töhməti deyil ki... Töhmətdən 6 ay keçibsə, artıq bu inzibati tənbehin vaxtı bitmiş hesab olunur”.
Bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, bu, qanunların birinə düşməlidir: “Gələcəkdə bu, əsasnaməyə yox, deputatlarla bağlı qanunların birinə mütləq salınmalıdır”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, gələcəkdə nizamnaməyə hansısa dəyişiklik nəzərdə tutulsa, deputatlara verilən inzibati tənbeh tədbirinin müddəti məsələsinə baxıla bilər.