Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə çox böyük diqqət və qayğı göstərilir.
Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatı birlikdə daim onların yanında olur və mövcud problemlərinin həllinə çalışırlar.
Belə ki, bu günlərdə Bərdə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla partiya fəalları Aynurə Əyyubova, Səba Məmmədova və Elmir Məmmədov rayonun Türkmən kəndindən qazi – çavuş Yusifzadə Məhəmməd İsrafil oğluna baş çəkiblər.
Qeyd edək ki, çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu 7 il yarım idi ki, Azərbaycan Silahlı Qüvvələrində vətənə xidmət edirdi. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib və orada yaralanıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir. 4 yaşlı qızı və 3 yaşlı oğlu var.
Qazi Məhəmməd Yusifzadə ilə görüş zamanı Fəqət Şadlinskaya bildirib ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu: «2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar».
Qazi M.Yusifzadə hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, müharibədə yara aldığı ayağının protezlə təmin olunmağından, “YAŞAT” Fondu tərəfindən maddi köməklik edildiyindən söz açıb, atası İsrafil Yusifovla birlikdə Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazilərə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər. Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər.
E.ŞİRİNOV