Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciəti yayılıb. Belə ki, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.
Müraciətində bildirilir ki, Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub: "İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.
Bu ayın əvvəlindən qadağası götürülən toyların yenidən dayandırılacağı ilə bağlı söhbətlər gedir. Bir tərəfdən pandemiya, digər tərəfdən matəm ayının başlaması,toy mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər toyların qadağan edilməsi ehtimalını artırır.
Amma insanların Məhərrəmlik ayında toy etmələrinə pis baxmaq düzgün deyil. Güya Məhərrəmlikdə toy etmək günah sayılır. Kimdir bu fikri irəli sürənlər?
Gəlin birlikdə bunun günah olub-olmamasını araşdıraq.
Bizim.Media-ya bu barədə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə Peyğəmbər imkanı olub evlənməyən mənim ümmətimdən deyil deyə buyurub:
“Yəni, evlənmə, toy-nişan kimi əməllərə İslam çox böyük önəm verir. Odur ki, toy etmək xeyirli və faydalı işlərdəndir. Hətta nikah və evlənmə məsələsi İslamda iqtidarı olanlara vacib əmr olunub. Peyğəmbər də özünə, övladlarına toy edib. Vacib bir əməli isə təxirə salmaq olmaz. İslam dinində hansısa ayda nikah mərasimi etmək olmaz deyə bir qayda yoxdur. Peyğəmbər buyurur ki, yaxşı əməllərdə tələsin, vacib işləri təxirə salmayın. Odur ki, Məhərrəm ayında da nikah bağlamaq, toy etmək, ailə qurmaq savab işlərdəndir. İmam Hüseynin ruhunu şad etmək istəyən Məhərrəm ayında evlənsin ki, qoy ailələrin təməli məhz bu əlamətdar ayda qoyulsun. Bu ayda toy etmək olmaz deyə təbliğat aparanlar xurafat əhlidir. Guya İmam Hüseynə matəm saxlanmalıdır. Halbuki İslamda matəm yoxdur. Heç, peyğəmbər bir gündə 70 nəfər yaxınının şəhid olduğu Uhud günü matəm elan etmədi. Çünki insanın Cənnətə yola düşdüyü gün matəm ola bilməz. Yas ancaq insanın vəfat etdiyi gündən başlayaraq cəmi üç gündür.
Ondan sonra 7,40, 52, cümə axşamı, il və sair deyə qeyri bir yas yoxdur. Hamısı istismarçı ruhani təbəqənin öz iaşələrini xalqın pulu hesabına təmin etmək niyyəti ilə qondardığı bidətlərdir”.
Farsların islama təsiri
İlahiyyatçının fikrincə, Məhərrəm ayına hələ Səfər ayını qoşub müsəlmanları 50-60 gün nikahdan məhrum etmək Muhəmməd salam olmuşun dininə əksdir:
“Bu farslardan gəlir. Qədimdə farslar şahları öləndə ona yaslar saxlayıb ömür boyu o tarixlərdə xeyir iş etməzdilər. İslamda isə millətlərin ənənəsi yox, Quran əsas götürülür.
Quranda isə bu xurafat yoxdur. İnsanları ildə 60 gün evlənməkdən məhrum etməklə xalqın artımına mənfi təsir göstərir. Xüsusən Azərbaycanda pandemiya qadağası ilə bir tərəfdən, Məhərrəm ayı səbəbi ilə də digər tərəfdən nikahı yasaqlamaq olmaz. İncəsənət adamlarına da kifayət qədər zərər dəyir bu ayda. Bu ay xeyirli ay olmasına baxmayraq xurafat əhli bu ayı ziyanlı aya çevirir ki, özləri mövsümi olaraq hər il bu ayda nəzir, sədəqə, ehsan toplayıb qarınlarını doldursunlar. Onu da qeyd edim ki, ən faydalı nikah, ən xeyirli toy İslam dininə görə elə məhz Məhərrəm, Ramazan aylarında edilən toylar və nikahlardır. Buna dini baxımdan heç bir yasaq yoxdur”.
Şakir QURBANOV