Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda ölkələrin və xalqların tarixində, taleyində və milli həmrəyliyin möhkəmlənməsində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, cəmiyyətimizdə multikultural dəyərlərin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
R.XUDATQIZI