Meksikada 40 gün ərzində beşinci jurnalist öldürülüb...

Jurnalist Heber Lopes Vaskes cümə günü, axşam saatlarında Meksikanın Oaxaka ştatında güllələnib. İki qatil “isti izlərlə” saxlanılıb.

Oaxaka ştatının prokuroru Arturo Peimbert Milenio TV-yə müsahibəsində "Qatillər həbsdədir və biz müvafiq istintaqı davam etdirmək üçün onların prokurorluğa gətirilməsini gözləyirik" deyib.

KİV-in məlumatına görə, jurnalist Heber Lopes Vaskes Espinal Salina - Krus bölgəsində avtomobilinə minərkən güllələnib.

Bu, ilin əvvəlindən bəri Meksikada beşinci jurnalist qətlidir.

Qeyd edək ki, yanvarın sonunda media nümayəndəsinin növbəti qətlindən sonra jurnalistlər təhlükəsizliyin təmin edilməsini və demək olar ki, həmişə cəzasız qalan cinayətlərin araşdırılmasını tələb edərək, ölkənin 40 şəhərində piketlər və etiraz aksiyaları keçiriblər.

İfadə azadlığına qarşı cinayətlərlə mübarizə üzrə xüsusi prokurorluq fəaliyyət göstərdiyi beş il ərzində, media nümayəndələrinə qarşı baş vermiş 1140-dan çox cinayət işi açsa da, cəmi 10 məhkumluğa nail olub. Baş vermiş bütün bu cinayət işlərində cəzasızlıq səviyyəsi 99%-i ötür.

“Articulo 19” hüquq müdafiə təşkilatının məlumatına görə, 2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb ki, bu da dünyada ən yüksək rəqəmdir. Ölkədə Andres Manuel Lopes Obradorun üç ildən bir qədər çox olan prezidentliyi müddətində, media nümayəndələrinin peşə fəaliyyətləri ilə bağlı 29 qətl hadisəsi baş verib.

Və çox təəssüf ki, jurnalistlərin qələminə gücü çatmayanlar, azad sözə qarşı dözümsüzlük nümayiş etdirənlər onları susdurmağın yolunu - qətlə yetirməkdə, əmlakına ziyan vurmaqda, şantaj etməkdə, “hərbə-zorba” gəlməkdə görürlər...  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN