“GÖHƏR” Mənzil-Tikinti Kooperativinin (MTK) “Kommunal xidmətlər göstərilməsinə” dair müqavilə bağlamaqdan imtina etdiyi üçün vətəndaşın mülkiyyətində olan mənzilin elektrik enerjisini qeyri-qanuni olaraq dayandırdığı iddia edilir.

Bu barədə mətbuata ictimai vəkil Samir Zeynalov məlumat verib.

S.Zeynalov bildirib ki, MTK tərəfindən tikilib təhvil verilən bina(lar)ın sakinlərinə elektrik sayğacları dəyərindən dəfələrlə artıq məbləğə - 3 000 manata satılıb.

S.Zeynalov MTK-nın 913 min manat vergi borcu olduğu və barəsində hələ də Dövlət Vergi Xidməti tərəfindən qanunamüvafiq tədbir görülmədiyini də sözlərinə əlavə edib.

İddialarla bağlı “GÖHƏR” MTK-nın nümayəndəsi olduğu bildirilən Eldar Rzayev bildirib ki, koorperativ 1 yanvar 2020-ci ildə fəaliyyətini dayandırıb: "Vergi borcları ilə əlaqədar məhkəmə prosesləri keçirilib və nəzərdə tutulan bütün cərimələr (həmçinin vergi borcları) ödənilib".

Eldar Rzayev Samir Zeynalovun sakinlərə elektrik sayğaclarının dəyərindən dəfələrlə artıq məbləğə satılması iddiasını da təkzib edib: “Heç elə bir şey yoxdur. Mənə aid olmayan şeylər yazır. Bu iddiaları qaldıran şəxsi prokurorluğa vermişəm. Bununla bağlı birinci gün ifadə verəcəm. Əsassız iddialar səsləndirir. Mən heç bir məsuliyyət daşımıram, iki ildir bu işdən uzağam. Bu indi düşüb ortalığa şantaj edir, pul istəyir – bilmirəm nə istəyir”.

Məlumat üçün qeyd edək ki, Eldar Rzayev “GÖHƏR” MTK-nın vergi borcunun ödənildiyini desə də, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında MTK-nın 11.02.2022-ci il tarixinə 913 min 38 manat 31 qəpik vergi borcunun olduğu göstərilir.

Bundan başqa, koorperativin fəaliyyətinin 01.01.2020-ci il tarixindən dayandırıldığı qeyd olunsa da, Dövlət Vergilər Xidməti “GÖHƏR” MTK ilə bağlı reyester məlumatlarında sonuncu dəyişikliyi 10.09.2020-ci il tarixində edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN