"Media haqqında” Qanun və qanundan irəli gələn vəzifələrin icrası, o cümlədən “Media Reyestri” ilə bağlı prosesin ilk günlərindən onlarla yazı yazmışam, sahsız-hesabsız müsahibələr vermişəm və peşəkar media fəaliyyəti ilə məşğul olan, bu sahədəki xaosun, dərəbəyliyin, qeyri-peşəkarlığın, jurnalistikanın üzərinə kölgə salan bütün neqativ amillərin aradan qaldırılmasını arzulayan həmkarlarımın müəyyən bir hisəsi də məndən on dəfə artığını ediblər. Amma hələ də “bəlkə də qaytardılar” xülyasıyla yaşayan, şantaj, böhtan və qarayaxma ilə ömür sürüyən, “baş redaktor” anlayışını boş traktora çevirib cəmiyyəti ayaqda saxlayan, sivil, təhlükəsiz və mədəni birgəyaşayışı təmin edən yüksək dəyərləri, söz, fikir və ifadə azadlığını, qanunları “şumlamaqla” peşəkar mediaya, jurnalistikaya günü gəlib gün qazanan adamlar daş atıb redaktorluqla uzalaşmayan “başlarını tutmağa” davam edirlər.
...İllər öncə həmkarlarımdan biriylə söhbətimizdə “baş redaktor”ların sayı artıqca gerçək redaktor anlayışının urvatdan düşdüyünü demişdim. Qısa bir zaman kəsiyindən sonra, indi adını xatırlatmaq istəmədiyim şəxslərdən biri “tədbirdə 10 BAŞ... redaktor iştirak edir” deməklə həm özünün naqis xislətini və təbii ki, artıq kluarlarda məsxərə obyektinə çevrilən, amma kimlər üçünsə sərfəli olan reallığı gün işığına çıxardı...
10 baş... redaktor, 100 baş... redaktor, 1000 baş... redaktor... Saylarına uyğun çobanlarını, “çoban itlərini” də sal yanlarına, “süd”lərinlərindən “qatıqlı xəbər”, “pendirli reportaj”, “qaymaqlı müsahibə”, yunlarından “yorğan-döşəkli köşə”, ətlərindən “kabablı araşdırma”, “maçalı oçerk”, “quzu basdırmalı felyoton” hazırla və bəh-bəhlə sırı millətə...
...Yolulmadınız?
...Bezmədiniz?
Eyni, söz yığınından ibarət iddiaları nə qədər təkrarlamaq olar?
“Media haqqında” qanun müzakirə olunanda, qəbul ediləndə, “Media Reyetrinin aparılması Qaydaları” təsdiqlənəndə mürgüləyənlər də indi ayılıblar. Nə imiş, bəs “Media Reyestri” kimlərində “hüquqlarını məhdudlaşdırıbmıs”, “Kontitusiyaya ziddiymiş”, “beynəlxalq konvensiyaları pozurmuş” da, xəbərimiz yoxmuş... Allah, Allah... Hansı hüquqları məhdudlaşdırır Media Reyestri? Əgər sənin üçcə nəfər əməkdaşın yoxdursa, o zaman hansı əsaslarla özünü media subyekti sayırsan? Bir “baş redaktor”dan ibarət media olar? Bəs ən müxtəlif adlar altında “təsis etdiyiniz”, “yaratdığınız” sayt və və qəzetlərinizin vəsiqələrini daşıyan, ölkənin ən ucqar kəndində belə varmadığı “ocaqbaşı” qoymayan, döyülməyən qapı saxlamayan “xüsusi”, “ümumi”, “bölgə”, kölgə “müxbir”ləriniz nə ilə dolanırlar? Onların ezamiyyə xərclərini kim və necə ödəyir? Lənət şeytana, bu ölkədə peşəkar və leqal media fəaliyyətiylə məşğul olan insanlar bu sahənin şərəfini üç manatlıq edənlərə sual verməkdənsə, onların iddia və ittihamlarını cavablandırmaq məcburiyyətində qalıblar.
Konstitusiyanı, cinayət və inzibati xətalar məcəllələri də daxil olmaqla ölkənin qanunlarını yuxarıdan aşağı, aşağıdan yuxarı pozanlar “Media haqqında” Qanunun, “Media Reyetrinin aparılması Qaydaları”nın Konstitusiyaya, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu iddia edirlər. Təbii ki, tutarlı hər hansı bir arqument və müqayisəli təhlil olmadan.
Azərbaycan Respublikasının Konstitusiyası təkcə söz, fikir və ifadə azadlığına deyil, digər azadlıqlara və hüquqlara da təminat verir. Amma özbaşınalığa, dərəbəyliyə yox. Dünyanın heç bir ölkəsində söz, fikir və ifadə azadlığından süi-istifadə hallarını, vergidən yayınmağı, kölgə iqtisadiyyatı ilə məşğul olmağı, şantaj etməyi, böhtan atmağı, insanların şəxsi həyatlarına müdaxiləni, dövlətin informasiya təhlükəsizliyinə təhdid yaratmağı, ictimai maraqları zərbə altında qoymağı məqbul hesab edən qanun yoxdur.
Bu gün “Media haqqında” Qanun və “Media Reyestri” ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə istinad edənlər unudurlar ki, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin əsasında belə BMT tərəfindən elan edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dayanır. Sözügedən sənədin 2-ci hissəsinin 29-cu bəndində isə söz, fikir və ifadə azadlığının mütləq azadlıq olmadığı bildirilir, başqalarının hüquq və azadlıqlarının lazımi səviyyədə təmin edilməsinin, bu hüquq və azadlıqlara hörmətlə yanaşılmasının zəruriliyi qeyd olunur, həmçinin vurğulanır ki, demokratik cəmiyyətdə mənəvi dəyərlərin, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərə cavab verməsi üçün hüquqi tənzimləmələrin, məhdudlaşdırmaların tətbiqi mümkündür.
İndi sual olunur, media ilə bağlı heç bir standarta cavab verməyən, bu və ya digər məlumatın doğruluğunun təsdiqi, faktların araşdırılması və təhlili üçün kadr resursu və texniki imkanları olmayan, bu və ya digər informasiyadan, şantaj və böhtan xarakterli üslub və məlumatlardan istifadə etməklə qanunsuz yollarla gəlir əldə etməyə çalışan, fərdlərin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinə bilərəkdən təhdid yaradan şəxslərin fəaliyyəti ictimai asayişə, cəmiyyətin mənəvi dəyərlərinə, başqalarının hüquq və azadlıqlarına, vətəndaşların ümumi rifahına zərbə vurur ya yox?
Bu sualın bir cavabı var: Bəli!
O zaman əsasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dayanan Azərbaycan Respublikasının Konstitusiyasında yer alan ayrı-ayrı ifadələri kontekstdən çıxararaq gözümüzə niyə soxursunuz?
Sizin hüquq və azadlıqlar haqında təsəvvürlərinizlə hərəkət etsək, o zaman nəinki “Media haqqında” Qanunun, Konstitusiyanın, hətta Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də dəyişilməsinə nail olmalıyıq. Təbii ki, ilk növbədə sonuncunun. Çünki İran, Şimali Koreya və daha bir neçə dövlət istisna olmaqla, dünyanın bütün ölkələrinin konstitusiyalarında yer alan hüquq və azadlıqlarla bağlı müddəaların əsasında BMT-nin sözügedən bəyannaməsinin müddəaları dayanır. Bacarırsınız, gedin dəyişin və qeyd edin ki, söz, fikir və ifadə azadlığı dünyada mütləq azadlıq sayılır, bu anlayışların kölgəsində həyata keçirilən cinayət və inzibati xəta xarakterli addımların qanunla təqib olunmasına yol verilmir. Və ümumiyyətlə media haqqında heç bir qanun, tənzimləyici mexanizm olmalı deyil. Başlı başını və ya baş... redaktorluğunu saxlasın...
Başqa bir məqama toxunacağam – bütövlükdə reyestr, şəhadətnamə və lisenziyalarla bağlı.
Bu gün “Media haqqında” Qanun, Media Reyestri və digər bu kimi tənzimləyici hüquqi-normativ akt və mexanizmlərlə bağlı istinad olunan sənədlərdən biri də
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasıdır. Təbii ki, istinadlar bir qayda olaraq ümumi xarakter daşıyır və ritorik şəkildə, bərkdən qışqırmaqla ifadə olunur. Sözügedən Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”. Burada media sektorunun müəyyən istiqamətlərinə diqqət çəkilsə də, beynəlxalq konvensiyalarda yer alan yanaşmaların, yəni sənədlərin ümumi fəlsəfəsinin, bütün dünyada eyni sahənin digər istiqamətlərinin tənzimlənməsində də əsas götürüldüyü hüquqdan anlayışı olan kimsəyə sirr deyil. Yəni bu gün radio, televiziya və platforma yayımçılarının fəaliyyəti üçün lisenziya nədirsə, çap və internet media üçün də Media Reyestri Şəhadətnaməsi odur.
Nümunə üçün yazıram: “APA Qrup” MMC-nin nəzdində APA TV fəaliyyət göstərir və platforma yayımçısı kimi lisenziya alıb. Bununla yanaşı sözügedən qrupa daxil olan informasiya agentliyi və saytlar da var. Bu agnetlik və saytlar da, şübhəsiz ki, media subyekti kimi Media Reyestrindən keçərək şəhadətnamə alıblar. Həzərat, lisenziya da, şəhadətnamə də bu və ya digər media subyektinin bu sahədə peşəkar fəaliyyətlə məşğul olmaq imkanında, potensialında olduğunu ölçülə bilən anlayışlarla təsdiqləyən sənədlərdir. Vəssalam! Bütün bu anlayışlar isə birbaşa və dolayısıyla həm Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, həm İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasında, həm Azərbaycan Respublikasının Konstitusiyasında və təbii ki, həm də ölkə mediasının fəaliyyətini tənzimləyən hüquqi-normativ aktlarda öz əksini tapıb.
Nə isə... Özünüzü gücə salıb ağıllı görünməyə, səsinizin gur yerinə salıb qışqırmaqla haqlı olduğunuzu sübuta yetirməyə çalışmayın, bizi də yormayın...
Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN