Güclü iqtisadiyyata malik ölkələrdə iqtisadiyyatın dövlət tənzimlənməsi müxtəlif metod və mexanizmlərlə həyata keçirilir. Dünyada qəbul olunan regional inkişaf mexanizmi və onun öyrənilmə metodları Azərbaycanda da geniş tətbiq olunur. Bunun üçün dövlətin qarşıya qoyduğu regionların sosial-iqtisadi inkişaf siyasəti regional inkişafın təminatçısı, eyni zamanda ölkəmizin bu sahədə uğurlu, davamlı və dinamik inkişafının göstəricisidir.

Bu baxımdan, ölkəmizdə regional iqtisadi inkişaf strategiyası qarşıya qoyulan məqsədlər və o məqsədlərə çatmağa yönələn hədəflərlə qiymətləndirilir. O zaman belə bir qənaətə gəlirik ki, regional inkişafsız ölkə iqtisadi qüdrətini yarada, yaxud bərpa edə bilməz. Ölkənin makroiqtisadi göstəricilərinin artımı, xarici iqtisadi əlaqələrin inkişafı və əhalinin rifah halının yüksəlməsi dövlətin iqtisadi siyasəti düzgün istiqamətləndirilməsidir. Vətəndaşların qayğısına qalmaq, ölkənin iqtisadi inkişafı təbii resurs, insan kapitalı, normativ-hüquqi aktlar daxili idarəetmə mexanizmləri vasitəsilə tənzimlənir.

Ötən əsrin 90-cı illərinin ortalarından ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanan demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edildi, beynəlxalq miqyasda Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın inkişafının əsası qoyuldu. Qeyd edəkki, həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət oldu. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldi.

Onu da qeyd edək ki, 1994-cü ildə imzalanmış və Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan verdi. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olub. Bu baxımdan, regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Bu istiqamətdə ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strategiyanı davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin ən mühüm hədəflərindən biri ölkənin kompleks və eləcə də regional baxımdan davamlı inkişafının təmin edilməsindən ibarətdir. Çünki məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Məlumdur ki, iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi ölkədə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərir, əhalinin iş tapmaq üçün Bakıya axınını sürətləndirirdi. Odur ki, qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun tərəqqisini, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsini təmin etmək, kompleks inkişafa nail olmaq lazım idi.

regionlarin-sos-ink

Bütün bunları nəzərə alaraq regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edildi. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalandı.

Bu proqramın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik iqtisadi inkişaf təmin edildi. Ölkəmiz sənaye istehsalının və ümumdaxili məhsulun artım tempinə, o cümlədən yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi imicini möhkəmləndirdi. Mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Belə ki, birinci proqramın icra edildiyi müddətdə ölkənin bütün regionlarını əhatə etməklə 20 mindən artıq yeni müəssisə yaradıldı. ÜDM-in real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi isə 5 dəfə artaraq 4440 manat təşkil etdi. Bu dövrdə qeyri-neft sektoru 1,8 dəfə artdı. Sənayedə 2,5, kənd təsərrüfatında isə 25,2 faiz artım qeydə alındı. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri də 4 dəfə artdı. Bu müddətdə ölkə üzrə 766 min iş yeri açıldı ki, bu da Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədin reallaşması idi. Yeni iş yerləri öz növbəsində yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynadı. 2003-cü ildə ölkə əhalisinin təxminən 44,7 faizi yoxsulluq şəraitində yaşayırdısa, artıq 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunurdu.

2009-cu il fevral ayının 23-də proqramın icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev proqramın vaxtından əvvəl və həm də böyük həcmdə icra olunduğunu bildirdi: “Proqram vaxtından əvvəl və daha da böyük həcmdə icra olundu. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı məsələləri diqqət mərkəzində dayanırdı. Bu gün də belədir. Ancaq beş il ərzində keçdiyimiz yol bu gün deməyə əsas verir ki, bölgələrin bir sıra problemləri öz həllini tapmışdır. 2004-cü ildə qeyri-neft sektorunun inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Yəni bölgələrdə müasir güclü infrastruktur, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Hər bir ölkənin inkişafı üçün bu, çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, təbii resurslarla zəngin olan ölkələrdə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət kəsb edir. Çünki əks təqdirdə, iqtisadiyyat dayanıqlı olmayacaq və biz bu uğurları ancaq qısa müddət ərzində yaşaya bilərik. Bizim isə məqsədimiz ondan ibarətdir ki, növbəti illərdə, uzun müddət ərzində Azərbaycan çox sürətlə inkişaf etsin, iqtisadiyyatımız neft-qaz amilindən asılı olmasın və ilk növbədə, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılsın. Nəzərə alsaq ki, Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər, özəl sektorun inkişafı üçün böyük həcmdə, güzəştli şərtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək. Yəni, bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol bunun əyani sübutudur”.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb oldu, formalaşan əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanan tədbirlərin davam etdirilməsi zərurətini ortaya qoydu. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edildi.

Beləliklə, prezidentin müəyyən etdiyi vəzifələrin uğurla yerinə yetirilməsi, elan edilən prioritetlərin təmin olunması nəticəsində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası ilə ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edildi, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynadı.Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox yeni müəssisə fəaliyyətə başladı və 360 minə yaxın yeni iş yeri yaradıldı ki, bunun da 270 mindən çoxu daimi idi. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə endi.

regi-sos-ihkk

10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açıldı, 55,6 min yeni müəssisə yaradıldı. Yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşdü.

Həmin dövr ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirildi, yeni müəssisələr yaradıldı, müəssisələrin istehsal potensialı artırıldı, ölkə sənayesində 2,7 dəfə artım qeydə alındı. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulunun payı 2003-cü ildə 56,8 faiz, 2013-cü ildə isə 81,4 faiz təşkil etdi. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan verdi.

Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikildi və ya təmir olundu, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikildi və ya təmir edildi, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verildi.

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılan məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildi. Sayca üçüncü dövlət proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət idi.

Üçüncü Dövlət Proqramı da daxil olmaqla görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artdı. Bu dövrdə sənaye real ifadədə 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə çoxaldı. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 24,3 dəfə artaraq 1 yanvar 2019-cu il tarixinə 45 milyard ABŞ dolları səviyyəsini keçdi.

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrildi, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyuldu. Eyni zamanda, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri də dinamik olaraq artdı, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik oldu.

Ümumilikdə, 2004-2018-ci illərdə ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırıldı, əhalinin rifah halı yüksəldi.

 “Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir”. Bu fikirləri Prezident İlham Əliyev 2019-cu il yanvar ayının 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda söyləyib.

2020-ci il fevralın 3-də keçirilən regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı və sayca dördüncü Dövlət Proqramının icrasının birinci ilinə həsr olunan konfransda görülmüş işlər barədə geniş bəhs edildi. Konfrans dördüncü Dövlət Proqramının birinci ilinin yekunları ilə bağlı olsa da, əslində 2003-cü ildən ötən dövrün sosial-iqtisadi inkişafının hesabatı idi.

regggin-soss-ink

Prezident İlham Əliyevin konfransda səsləndirdiyi rəqəmlər və faktlar tarixin ən güclü Azərbaycanının aydın mənzərəsini yaradır. 17 ildə Azərbaycanda baş verən iqtisadi dəyişikliklərə nəzər salarkən görürük ki, bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. O cümlədən: sənaye istehsalı 2,7 dəfə; kənd təsərrüfatı 2 dəfə; valyuta ehtiyatları 27 dəfə artaraq 52 milyard dollara çatıb; Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib; Bakı-Tbilisi-Qars dəmir yolu tikilib; Cənub Qaz Dəhlizi çəkilib; Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı salınıb; altısı beynəlxalq olmaqla, yeddi aeroport tikilib; Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib; orbitə 3 peyk çıxarılıb; 33 elektrik stansiyası tikilib, 3 min meqavat yeni generasiya gücü yaradılıb; qazlaşdırmanın səviyyəsi 51 faizdən 96 faizə çatıb; 16 min 700 kilometr avtomobil yolu tikilib; yoxsulluq 50 faizdən 4,8 faizə düşüb; Taxtakörpü və Şəmkirçay su anbarları tikilib; 1500-dən çox artezian quyusu qazılıb; orta əməkhaqqı 11 dəfə; pensiyalar 8 dəfə artıb; 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Göründüyü kimi, dördüncü dövlət proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən layihələr Azərbaycan dövlətinin və xalqının çox qısa dövr ərzində nail olduğu nailiyyətlərdir.

Məlumdur ki, koronavirus pandemiyasının bütün dünyada yayıldığı ötən illərdə bir çox inkişaf etmiş dövlətlərin iqtisadi həyatında ciddi geriləmələr baş verdi. Azərbaycan iqtisadiyyatında da olduqca cüzi azalma baş verməsinə baxmayaraq, qeyri-neft sənayesiin 11 faizdən çox artımı respublikamızda həyata keçirilən iqtisadi uğurdur. Çünki pandemiyanın çətinliklərinə baxmayaraq, Azərbaycanda regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulan layihələrin də icrası tam sürətlə təmin olundu.

Ümumiyyətlə, regionlarda görülən işlər, sosial-iqtisadi inkişafa verilən töhfələr, yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması olduqca mühümdür.

Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar açıb. Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızın böyük iqtisadi potensialı var. Azad olunan hər bir rayonun iqtisadi imkanları çox genişdir. Onların hər birinin yeraltı və yerüstü sərvətləri tükənməzdir. Qarabağ torpaqları əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, və digər faydalı qazıntılarla zəngindir. Demək olar ki, 30 il ərzində Kəlbəcərdə və Zəngilanda qızıl yataqları Ermənistan tərəfindən qanunsuz şəkildə talan olunub. Təbii ki, yeraltı sərvətlərimizin talanması ilə əlaqədar dəymiş kompensasiya hesablanacaq və Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq. Bu baxımdan, Qarabağın azad olunması Azərbaycan iqtisadiyyatının daha da yüksəlişinə töhfə olacaq.

İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün layihələrini reallaşdırmağa qadir ölkədir.

Beləliklə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı yuxarıda qeyd olunan prioritet istiqamətlərə əsaslanaraq onun gələcək illər üçün davamlı olduğunu təmin edir.

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.11.)

media

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN