Avropa Birliyi Gürcüstan hökumətini tənqid edib : “Ali Məhkəmənin hakimlərinin seçilməsi zamanı Venesiya Komissiyasının tövsiyələrinə riayət edilmədi”
"Gürcüstan makro maliyyə yardımı tələblərini yerinə yetirə bilmədi, xüsusən də məhkəmə müstəqilliyini, hesabatlılığını və keyfiyyətini artıra bilmədi".
Gürcüstan KİV-nin məlumatına görə, bu sözləri Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin ofisində keçirilən brifinq zamanı, Avropa Birliyinin nümayəndəsi Julien Kramp deyib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin imtina etdiyi yardım paketinin məqsədi Gürcüstan əhalisinə pandemiya ilə mübarizədə kömək etmək idi və bu vəsait Gürcüstan əhalisinin rifahı üçün xərclənməli idi. "AB, Gürcüstan hökumətinin makro maliyyə yardımının qalan hissəsini istəməmək qərarını nəzərə alır. Lakin bununla yanaşı, Gürcüstan makro maliyyə yardımı tələblərini yerinə yetirə bilmədi, xüsusən də məhkəmə müstəqilliyini, hesabatlılığını və keyfiyyətini artıra bilmədi. Həmçinin xüsusilə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin hakimlərinin seçilməsi zamanı Venesiya Komissiyasının tövsiyələrinə riayət edilmədi və bu proses zəruri olan qanunvericilik dəyişiklikləri qəbul edilmədən həyata keçirilib. Seçim prosesi nə namizədlər üçün bərabər şəraitin təmin olunmasına, nə də məhkəmə sisteminin şəffaflığının artırılmasına yönəlmiş bir sıra qanunvericilik dəyişikliklərinə yol verməmişdir. Makro-maliyyə yardımının ədalətlə bağlı şərtlərinə həmçinin, 19 aprel 2020-ci ildə Aİ-nin vasitəçilik yolu ilə imzalanan müqavilədə Gürcüstan siyasi partiyalarının götürdüyü öhdəliklər də daxil idi".
Avropa Birliyinin nümayəndəsi həmçinin, Gürcüstan hakimiyyətini islahatlar və öhdəlikləri yerinə yetirməyə çağırıb: "AB, Gürcüstan hakimiyyətini islahatlar, o cümlədən ədalət sahəsində gürcü xalqının maraqları və AB-Gürcüstan münasibətlərinin gələcəyi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır. Avropa Birliyi vəziyyəti yaxından izləməyə davam edəcək. Avropa Birliyi Gürcüstanın islahatlarını dəstəkləməyə sadiq qalsa da, AB-nin Gürcüstana yardımı əsas islahatların həyata keçirilməsindəki irəliləyişdən asılı olacaq", - deyə Kramp qeyd edib.
Baş nazir İrakli Qaribaşvili isə Avropa Birliyindən ayrılan 75 milyonluq makro-maliyyə paketindən imtina etdiklərini, buna səbəb isə Gürcüstan hökumətinin ölkənin xarici borcunun azaltmaq istədiyini bildirib.
Baş nazirin bu açıqlaması isə Avropa parlamentarı Viola Von Cramonu qeyzləndirib.
"Gürcüstan hökuməti almağa haqqı olmayan bir yardımdan imtina edə bilməz". O, bunu sosial şəbəkədəki paylaşımında qeyd edib: “Təəssüf ki, Gürcüstan hökuməti Avropa Birliyinin makro-maliyyə yardımının ikinci hissəsini almaq şərtlərini yerinə yetirməyib. Buraya məhkəmə sistemi və başqaları daxildir. Siz almaq haqqınız olmayan bir yardımdan imtina edə bilməzsiniz. Biz Gürcüstan xalqının yanındayıq", - deyə Cramon qeyd edib.
***
Xatırladaq ki, Avropa İttifaq təkcə 1992-2003 -cü illər ərzində Gürcüstana 531 milyon avro məbləğində maliyyə yardımı göstərib. Bu barədə Avropa Komissiyasının 1992-2003-cü illər üçün AB ilə Gürcüstan arasında əməkdaşlıqla bağlı hazırladığı hesabatda bildirilib.
Bu yardımlar müxtəlif sahələr üzrə 10 proqramın həyata keçirilməsi üçün ayrılıb. Əsasən, “TACİS” proqramının həyata keçirilməsi üçün ümumilikdə 84 milyon avro, münaqişə bölgələrində infrastrukturun bərpası üçün 17.5 milyon avro, ECHO proqramının həyata keçirilməsi üçün 84 milyon avro və FEOGA proqramı (ərzaq yardımı) üçün isə 62.5 milyon avro ayrılmışdır.
Həmçinin ərzaq təhlükəsizliyi proqramı üçün - 71 milyon avro, təcili maliyyə yardımı üçün - 19 milyon avro, təcili humanitar yardım üçün - 6 milyon avro, Rusiyadakı maliyyə böhranının mənfi təsirini azaltmaq üçün - 4 milyon. avro və Gürcüstanın sərhəd qüvvələrinə yardım proqramının həyata keçirilməsi üçün - 1 milyon avro ayrılıb.
Eyni zamanda Avropa Demokratiya və İnsan Haqları Təşəbbüsünün həyata keçirilməsi üçün də 2 milyon avro ayrılıb. Sonralar da AB maliyyə yardımını tədricən artırıb və bu, hər il yalnız ikitərəfli formatda 120-130 milyon avro təşkil edib.
Lakin 2024-cü ildə Avropa Birliyinə üzvlüklə bağlı müraciət etməyi planlaşdıran Gürcüstana Avropa Birliyinin son xəbərdarlığı (baxmayarq ki, Qaribaşvili bu yardımdan imtina edib...) vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir...
JASMİN