Gürcüstanın müxalifyönümlü “Qanun və ədalət” partiyasının lideri, Gürcüstan parlamentinin deputatı Tako Çarkviani
sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstana sülh yolu ilə qayıtmasına kömək etmək üçün “Ümumxalq Hərəkatı” təşkilatını təsis edib.
Partiya lideri brifinqdə “ Ümumxalq Hərəkatı " təşkilatının qurulduğunu, Mixeil Saakaşvilini sülh yolu ilə ölkəyə qaytarmağın vacibliyini, onun gürcü dövlətini inkişaf etdirən, dağıdılmış Gürcüstanı investisiyalarla dövlətə çevirən və ayağa qaldıran adam olduğunu bildirib: “Koalisiya hökuməti gəlir və o, sülh yolu ilə qayıtmalıdır. Mixeil Saakaşviliyə qarşı siyasi təqiblər dayandırılmalıdır. Haqsız olaraq məhrum edilmiş vətəndaşlığı geri qaytarılmalıdır. Gəlin ona işləmək imkanı verək. O, parlaq islahatçıdır və o, bunu artıq sübut etmişdir ", - deyə Çarkviani vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə sabiq prezident Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarına video-müraciət edib. O, həmin videomüraciətdə İvanişvilini ölkə əhalisinə çətinliklər yaratmaqda ittiham edib: “O, ata və anası xaricə baş götürüb getmiş uşaqların zərərini ödəyəcək, öz məhsulunu illərdir ki, sata bilməyən kəndlinin zərərini ödəyəcək, borc götürən və larinin ucuzlaşması nəticəsində bu borcu ödəyə bilməyən əhalinin zərərini ödəyəcək, işlərini itirən və elementar gəlirdən məhrum qalmış vətəndaşların zərərini ödəyəcək, insanların bahalşmış dərmanlara verdiyi məbləği ödəyəcək, insanların ailə üzvlərinin itirdikləri maliyyəni ödəyəcək. Gürcüstan yeganə ölkədir ki, İvanişvilinin aldığı qərarlar və onun fəaliyyətsizliyi nəticəsində koronavirus nəticəsində ölüm göstəricisi 2 dəfə artıb. İvanişvili hər bir qəpiyi geri qaytarmalı olacaq. Mən bunu ona və birinci növbədə gürcü xalqına söz verirəm. Biz hamımız bunu birlikdə bacaracağıq", - deyə bildirib.
Qeyd edək ki, Gürcüstan hakimiyyətinin təmsilçiləri dəfələrlə Saakaşvilini sərhədi keçən kimi saxlayacaqlarını bəyan ediblər.
Y.MƏMMƏDLİ