"İstifadə etdiyi dozadan asılı olaraq bəzən danışıq tonunu artırır, bəzən də azaldır"
“Saakaşvili kimi bir çox narkobaron gördük. Hələ də narkotik maddələrin aktiv istifadəçisidir və canlı yayımları bunu sübut edir".
"24News.ge"-nin məlumatına görə, bu sözləri baş nazir İrakli Qaribaşvili deyib. Qaribaşvilinin sözlərinə görə, Saakaşvili istifadə etdiyi dozadan asılı olaraq canlı yayımda bəzən danışıq tonunu artırır, bəzən azaldır: “Biz Saakaşvili kimi bir çox narkoman idarəçi görmüşük. O bu gün də narkotik maddələrin aktiv istifadəçisidir, onun canlı video görüntüləri bunu sübut edir. İstifadə etdiyi dozadan asılı olaraq bəzən danışıq tonunu artırır, bəzən də azaldır". Baş nazir Saakaşvilinin ordudan sonra polisə müraciət etməsi məsələsinə də cavab verib: "Narkoman və qeyri-ciddi adam olan Saakaşvilinin dünənki çağırışına fikir versəniz, hər hansı bir təcrübəsiz polis belə onun narkotik təsiri altında olduğunu anlayacaq. Bu narkoman və qeyri-ciddi adamın nə deyəcəyi, kimə müraciət edəcəyi və kimə təbliğat mesajları göndərəcəyi maraqlı deyil. Hamımız çox yaxşı bilirik ki, Saakaşvili adi bir ləçərdir, bura gələ bilməz və gəlsə birbaşa həbsxanaya gedəcək. Bu ölkədə heç kim bu prosesə qarşı dura bilməyəcək", - deyə İ. Qaribaşvili bildirib.
Qeyd edək ki, sabiq prezident Saakaşvili ötən gün polisə müraciət edərək bildirib ki, polis əməkdaşlarının bank borcları silinməli, pensiyaları 1000 lariyə qaldırılmalıdır.
Eks prezidenti müraciətində bildirib ki, “Gürcü Arzusu” rejimi sona çatır, indi əsas məsələ onlarla birlikdə məzara getməməkdir: "Hüquq -mühafizə orqanlarımızın əməkdaşlarına, polisə müraciət etmək istəyirəm. Bütün qaydaları və qanunu pozaraq faktiki olaraq polisləri, hər bir vətəndaşı dinləməyə məcbur edirlər, bu isə polis məmurunu alçaltmaq deməkdir, polis qanuna riayət etməlidir və belə şeylər qanunla tənzimlənir. Vəziyyətinizin necə olduğunu bilirəm. Bilirik ki, siyasi rəhbərlikdən icazə gəlməyincə Gürcü Arzusunu dəstəkləyən cinayətkarlara toxunmağınıza icazə vermirlər. Bilirəm ki, patrul zabitlərini "qayişniq" kimi yol ayrıcına qoyaraq vaxtınızı boşuna xərclədirlər, bu həqiqətən də patrulun görəcəyi iş deyil" söyləyib.
O, həmçinin 2012-ci ildən sonra pensiyaların artırılmadığını, 350 lari olaraq qaldığını, polisin pensiyasının 1000 lariyə qaldırılmalı olduğunu vurğulayıb: “ Bu populizm deyil, mən bunu etmişəm və nə danışdığımı yaxşı bilirəm. Sosial təminatı olan bir polis məmuru vətəndaşlarını daha yaxşı qoruyur və korrupsiyaya meylli olmur. Dostlar, bir az da səbr edin, çünki aranızda çoxlu vətənpərvərlərin olduğunu çox yaxşı bilirəm. Bütün Gürcüstanı narahat edən bu kabus sizə də aiddir və tezliklə bitəcək", - deyə M. Saakaşvili bildirib.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 2-də keçiriləcək yerli özünüidarə orqanlarına seçkilər üçün vətəninə qayıtmağı planlaşdırır.
O, bir müddətdir Gürcüstana qayıdacağına, insanlara daha gözəl həyat bəxş edilməsi üçün əlindən gələni edəcəyinə vəd verir, hətta geri dönüşü ilə bağlı Avropa Parlamentinin deputatları ilə görüşlər keçirir, məsləhətləşmələr aparır. Lakin göründüyü kimi, Saakaşvili bir çoxu üçün Gürcüstanda arzuolunmaz şəxsdir və onun ölkəyə qayıtmayacağı barədə anonslar verilir, gələrsə sərhəddən həbsxanaya göndəriləcəy ilə bağlı xəbərdarlıqlar edilir... Baş nazirin son açıqlamasından sonra Saakaşvilinin hansı addımı atacağı isə hələ ki, sual altındadır...
Y.MƏMMƏDLİ