Uşaqların sağlam inkişafı üçün müntəzəm yuxuya ehtiyacı var.  Fasiləsiz yuxu uşaqların fiziki inkişafı baxımından çox vacibdir. Xroniki xəstəliklərdən genetik meyllərə qədər bir çox faktor yuxu pozğunluğuna səbəb ola bilsə də, yuxu saatlarının nizamsızlığı da bu problemə səbəb olur. Buna görə körpələrə verilən yuxu tərbiyəsi çox önəmlidir. Bu mövzuda əsas məqamlar yuxu tərbiyəsinin neçə yaşdan və nə şəkildə verilməsidir.

TEZADLAR.AZ xəbər verir ki, yuxu tərbiyəsi ilə bağlı bu sualları Azərbaycan Psixologiya Akademiyasının icraçı direktoru, psixoloq Müşviq Mustafayev cavablandırıb.

  M.Mustafayev yuxunun uşaqlar üçün əhəmiyyəti haqqında danışıb:

“Əvvəlcə qeyd edim ki, yuxu rejiminə əməl edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki yuxu uşaqlarda böyümə hormonlarının inkişafına səbəb olur. Onların psixoloji sağlamlığına müsbət təsir göstərir. Ona görə də uşaqların yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır.

Uşaq bağçaya yeni getdiyi zaman onun davranışı ilə yanaşı, yuxu rejimində də problemlərin olması normaldır. Yeni mühitə adaptasiya problemi yaranır ki, bu da onun yuxuya getməsinə mane olur”.


Psixoloq uşaqları bağçaya gedəcək valideynlərə bir sıra məsləhətlər verib:


“Yanında yaxın adamın olmaması da (ana, ata, nənə və s.) uşağın yuxuya getməsini çətinləşdirir. Uşaq bağçaya getdiyi ilk aylarda anadan ayrılma qorxusu yaşayır. Bu baxımdan uşağın yuxu rejimində baş verəcək narahatlıqları aradan qaldırmaq və uyğunlaşma dövrünü rahat keçməsi üçün bir sıra məsələlərə xüsusi diqqət yetirmək lazımdır.

Öncəliklə, ilk ay uşağın bağçada tam gün yox, yarım gün olması məsləhətdir. Bu, uşağa imkan verir ki, yeni şəraitə tədricən adsaptasiya ola bilsin. Eyni zamanda, valideynlər uşaqlarını bağçada olan müddətdə tək olmasına mərhələli şəkildə öyrəşdirməlidir. Bununla yanaşı, uşağın narahatlıq səviyyəsini azaltmaq üçün onun sevdiyi bir əşyasını özü ilə bağçaya aparmasına da icazə verə bilərlər”.


Müşviq Mustafayev mütəxəssis dəstəyinin də vacibliyini vurğulayıb:


“Qeyd etdiyim bu məsələlər uşaq bağçasında uşaqların yuxu rejiminə təsir göstərməklə yanaşı,  uşağın cəmiyətdə bir şəxsiyyət kimi formalaşmasına da təsir göstərir. Əgər ümumi narahatlıq fonunda yuxu ilə bağlı problemlər özünü mütəmadi şəkildə biruzə verir və gün keçdikcə şikayətlər artırsa, hökmən mütəxəssisə müraciət etmək lazımdır. Çünki problemin effektiv şəkildə həlli düzgün diaqnozun qoyulmasından asılıdır”. 


Azərbaycan Psixologiya Akademiyasının
 psixoloqu Nərgiz Bağırova-Kərimli isə bildirib ki, gündüz yuxusu da gecə yuxusu kimi uşağın bədəninin bərpası üçün lazımdır:


“Gündüz yuxusu beynin fəaliyyətini artırır. Uşaq yeni bilikləri daha sürətli öyrənir, lazımi bacarıqları mənimsəyir, yeni məlumatları asanlıqla xatırlayır.

Gündüz yatmaq axşam yuxuya getməyi asanlaşdırır. Körpənin gün ərzində gördüyü, eşitdiyi və reaksiya verdiyi hər şey, dərk edilməsi lazım olan hadisələrin və hisslərin böyük bir hissəsidir. Yuxu gün ərzində alınan məlumatı qismən emal etməyə kömək edir, bununla da sinir sistemindən stressi aradan qaldırır və axşam daha yaxşı istirahət etməyə imkan verir. Uşağınızın aktiv, güclü böyüməsini, düzgün inkişaf etməsini istəyirsinizsə, onu gündüz yuxusuna öyrəşdirin.


Müxtəlif yaşlarda olan uşaqlar üçün gündəlik yuxu ehtiyacı fərqlidir. 2-3 yaşa qədər körpələr gündə 12,5 saat, 3-4 yaşda - 12 saat, 5-7 yaşda - 10 saata qədər yatmalıdırlar. Bu normadan bir uşağın gündüz yuxusu ən azı 2 saat olmalıdır.

Uşaq bağçaya gedirsə, orada da kifayət qədər yatması vacibdir”.

 
Uşağın bağçada adaptasiya (uyğunlaşma) dövründə diqqət edilməli olan məqamlar:


Uşaq bağçasında ilk həftələrdə uşaq psixoloji olaraq həyatın yeni ritminə, yeni insanlara, qaydalara və fəaliyyətlərə uyğunlaşır. Bu zaman görünən yorğunluğa və yatmaq istəyinə baxmayaraq, o, yatmaq istəməyə bilər, çünki ilk dəfə olaraq öz mühitindən kənarda və uzun müddət yaxınları olmadan qalır. Onun digər uşaqlarla əlaqə qurması da çətin ola bilər. Yeni vəziyyətə öyrəşəndə və yuxudan sonra maraqlı oyunların və ya gəzintilərin olmasına, axşam isə mütləq evə qayıdacağından əmin olduqda, məmnuniyyətlə yatacaq.


“Bağçada hər şey elə düşünülməlidir ki, uşaqlar fiziki və emosional olaraq tam istirahət edə bilsinlər
”,-deyən mütəxəssis əsas tətbiq olunmalı qaydalara toxunub:

 

“- Rahat çarpayı. Uşaq bağçasında hər bir uşağın yuxu zamanı onurğa sütununu düzgün vəziyyətdə saxlayan ortopedik döşəklə öz çarpayısı olmalıdır. Yataq və çarşaflar - yüksək keyfiyyətli təbii materiallardan hazırlanmalıdır. 


- Optimal temperatur, rütubət və təmiz hava. Yataq otaqlarında rahat temperatur və rütubət saxlanmalı, pedaqoqlar və dayələr  bu göstəricilərə nəzarət etməli, lazım gəldikdə tənzimləməlidirlər. Otaqlar həmişə havalandırılmalıdır ki, uşaqlar rahat nəfəs alsınlar.


- Rahatlaşdırıcı atmosfer.
 Yataq otağında heç bir şey yuxudan yayındırmamalıdır. Otaqda təbiətin sakitləşdirici səsləri, laylalar səslənə bilər. Kölgə pərdələri pəncərələrdən gələn parlaq işıqdan qorumalıdır.


- Ev rahatlığının bir parçası. Uşaqlar öz sevimli yumşaq oyuncağını evdən götürüb onunla yata bilərlər - ev hissi tez sakitləşməyə və yuxuya köklənməyə imkan verir”.


Tez yuxuya getməyə kömək edən vasitələrə misal olaraq isə aşağıdakıları göstərmək olar:


- yatmadan qısa müddət əvvəl sakit oyunlar

- kitablarda maraqlı şəkillərə baxmaq

- rahat pijama geyinmək

- uşaqlara nağıllar danışmaq

Yuxu tərbiyəsinə uşaq dünyaya gəldiyi andan başlamaq lazımdır, hər yaşın özünə məxsus yuxu rejimi var və ona riayət etmək vacibdir.

azedu.az

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN