HƏFTƏBECƏR
Müğənni Musa Musayev qonaq olduğu “7 tamam” axşam şousunda ailə həyatı ilə bağlı maraqlı açıqlama verib: “Təranə Qumralla evləndikdən sonra spirtli içkiyə qurşandım. Çox içki içirdim. Adım vardı, özüm isə yox idim. Bu pis vərdişdən məni Təranə Qumral xilas edib”.
P.S. Həə... Deməli, məsələ belə imiş. Bir vaxt Musa Musayev efirdən demişdi ki, “arvadımı yataqda başqa kişi ilə tutdum”. İndi başa düşdüm ki, sən demə, Musa bəy, dəhşətli dərəcədə içib və o vəziyyətdə gecə evə gəlib. Bu zaman öz yerində yatan Təranə xanımı yataqda iki görüb və elə bilib ki, yanındakı kişidir. Səhər ayılanda isə, məlum olub ki, gözəl sənətkar, aydan arı, sudan duru Təranə xanıma şər atıb. Təranə xanım da görüb ki, içkili vəziyyətdə Musa hələ onu çox biabır edəcək, ona görə də ipi yığıb əlinə və Musa bəyə içkini tamam tərgitdirib. Qoy ərləri içən xanımlar Təranə xanımdan nümunə götürsünlər. İçkiyə görə ailəni dağıtmazlar.