Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Readmissiya İşlərinin İdarə Edilməsi Sistemindən istifadə edilməsi üzrə təlim sessiyası keçirib.
Bu barədə TEZADLAR.AZ-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Aprelin 14-ü və 19-u tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sistemindən (RİİES) istifadə edilməsi üzrə iki təlim sessiyası keçirdi. Beləliklə qayıdış və readmissiya işlərinin idarə edilməsi məqsədilə BMqT tərəfindən hazırlanaraq Azərbaycan kontekstinə uyğunlaşdırılmış yeni sistemin gələcək istifadəçiləri onun tam funksionallığını araşdırmaq və sınaqdan keçirmək imkanı qazandılar.
BMqT-nin xidmət təminatçısı olan Technofusion MMC tərəfindən keçirilən iki təlim və test sessiyası RİİES -in gələcək istifadəçilərindən ibarət olan müxtəlif qrupların ehtiyaclarına uyğun təşkil edilmişdi: fərdi adi istifadəçi hesabı vasitəsilə readmissiya və tranzit işlərinə baxan qrup və əsas istifadəçi hesabları vasitəsilə iş axınının düzgün istiqaməti və sistemə giriş hüquqlarını tənzimləməsi məqsədilə sistemdə müxtəlif ayarları tənzimləyən qrup.
Təlim zamanı sistemin reaksiyasını yoxlamaq və nəticələri sistemin yaradıcıları və BMqT ilə paylaşmaq məqsədilə iştirakçılara RİİES-də sonradan tətbiq etməsi üçün test ssenariləri verilmişdir. Sistemin növbəti versiyaları üçün təlim iştirakçılarından toplanmış rəy və dəyişikliklərlə bağlı təkliflər mühüm əhəmiyyət daşıyacaq.
Təlimlərin gedişində gələcək istifadəçilər RİİES-də işləmək bacarıqlarını öyrənir, eyni zamanda, sistemin əməliyyatları işə düşdükdən sonra onun təhlükəsizlik və bütövlüyünü təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin İKT heyəti BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən alınaraq Xidmətin istifadəsinə verilmiş İKT avadanlıq və proqram təminatını testdən keçirmək imkanı qazanırlar.
Elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sistemi və müvafiq fəaliyyətlərin işə salınması Avropa İttifaqı tərəfindən EURCAP vasitəsilə maliyyələşdirilən “Azərbaycanda Readmissiya İdarəçiliyinin Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən icra edilir.