Həm imkansızlara kömək, həm də ərzaq israfının qarşısını almaq üçün təklif təqdim olunub
Litva Seyminə pərakəndə satış şəbəkələrinə hələ də istifadə oluna bilən məhsulları xeyriyyə məqsədi ilə bağışlamaq təklif edilənə qədər atmağı qadağan etmək təklifi ilə qanunvericilik təşəbbüsü təqdim edilib.
Bu barədə LRT xəbər yayıb.
Bu tələbin pərakəndə satış sahəsi 400 kvadratmetrdən çox olan böyük şəbəkələrə şamil edilməsi təklif edilir.
Qeyd edilir ki, bu, belə bir qanun layihəsinə ilk cəhd deyil və əvvəlki də konstitusiyanın müddəalarına zidd olduğu üçün rədd edilib. Beləki, o hüquqi şəxslərin öz əmlakına dair sərəncam vermək hüququnu məhdudlaşdırır.
Qanunun hazırkı versiyasında, artıq satıla bilməyən, lakin istehlak üçün yararlı olan qidaların xeyriyyə təşkilatlarına bağışlanması tövsiyə olunan tədbirdir.
Layihəyə verilən izahat qeydində bildirilir ki, müvafiq nazirliyin sifarişi ilə aparılan araşdırmaya əsasən, Litvada hər il 400 min tona yaxın ərzaq məhsulları - pərakəndə satış müəssisələrində isə bu həcmin təxminən altıda biri zibilliyə atılır.
“Layihənin məqsədi istehlak üçün hələ də yararlı, lakin satış üçün yararsız olan qida məhsullarını saxlamaqla, digər Aİ ölkələrinin ən yaxşı təcrübələrinə əsaslanaraq israf edilən qida miqdarını azaltmaq və “Ərzaq səbəti”nin daima artan qiymətini nəzərə alaraq, bu qidanı yoxsulluq içində yaşayanlara təqdim etməkdir”, - izahatda deyilir.
Buna misal olaraq, Fransa və Çexiya təcrübəsi də var: qanunun qüvvəyə minməsindən sonra ərzaq ianələri üç dəfədən çox artıb.
LRT-nin sorğu göndərdiyi beş ən böyük ərzaq mağazası şəbəkəsi bu ideyanı, ümumiyyətlə dəstəklədiklərini, lakin logistika ilə bağlı problem olduğunu açıqlayıb, çünki xeyriyyə təşkilatının təklifi tək başına qəbul etməsi həmişə mümkün olmur.
Qeyd edək ki, Azərbaycanda hər ay müxtəlif MMC-lərin, şirkətlərin... AQTQ-ya etdiyi müraciəti əsasında, tonlarala istehlaka yararsız və istifadə müddəti bitmiş ərzaq məhsulları (müxtəlif növ məhsullar) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilir. Ölkəmizdə hələ də bu problemin qarşısını almaq – istifadə müddəti bitməzdən əvvəl ucuz qiymətə istehlakçılara satmaq, xeyriyyə məqsədilə bağışlamaq və s. kimi önləyici tədbirlər görmək mümkün olmayıb.
Və çox təəssüf ki, dünyanın qlobal ərzaq böhranı ilə üz-üzə olduğu, zibilliyə göndərilən bahalı məhsullara nə qədər insanın ehtiyacı olub, lakin ala bilmədiyi bir dövrdə bu qida itkisinin qarşısını almaq yolları düşünülmür...
JASMİN