Şirkət 1,2 milyard vəsait xərcləyəcək...
"Microsoft" şirkəti bu yaxınlarda kütləvi ixtisarlar edən bir sıra texnologiya şirkətlərinin sonuncusu olub. BBC-nin rusiya xidməti xəbər verir ki, Amerikanın kompüter nəhəngi 10 min əməkdaşını və ya bütün dünya üzrə işçilərinin 5%-ni ixtisar edəcək.
Ehtimal olunur ki, şirkətin yenidən təşkili və işdən çıxarılanların kompensasiyası üçün 1,2 milyard dollara qədər vəsait xərclənməli olacaq.
"Microsoft"un baş direktoru Satya Nadella qeyd edib ki, koronavirus pandemiyası zamanı müştərilər həvəslə şirkətin məhsullarına pul xərcləyirdilər, lakin indi daha çox təmkin nümayiş etdirirlər. Eyni zamanda, Nadella ümid etdiyini bildirib ki, bir çox ölkələrin artıq yaşadığı və ya gözlədiyi iqtisadi tənəzzülə baxmayaraq, süni intellekt sahəsində yeni nailiyyətlər özləri ilə kompüterləşmənin yeni dalğasını gətirəcək.
Vaxtilə evdən işləməyə məcbur olan insanların sayının artması səbəbindən "Microsoft"un işi pandemiya zamanı çiçəklənmişdi.
2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər şirkətin işçi qüvvəsi təqribən 40.000 artaraq 221.000-ə qədər tam ştatlı işçiyə yüksəlmişdir, 99.000 nəfəri ABŞ-dan kənarda olanlar da daxil olmaqla.
Lakin ötən ilin sonuna doğru mənfəət artımı yavaşladığı üçün ixtisarlara ehtiyac yaranıb. 10 min iş yerinin ixtisarının 2023-cü ilin üçüncü rübünün sonuna qədər başa çatdırılması gözlənilir.
***
Bu yaxınlarda, dünyanın ən böyük şirkətləri də daxil olmaqla, yüzlərlə texnologiya şirkəti kütləvi şəkildə işdən çıxarıldığını elan etdi. Onların arasında Amazon, xərcləri azaltmaq üçün 18,000-dən çox iş yerini ixtisar etməyi planlaşdırdığını açıqladı ki, bu da şirkətin tarixində ən böyük ixtisardır.
Dünyada milyon yarım insanı işlədən onlayn nəhəng əsas ixtisarların hansı regionlarda olduğunu dəqiqləşdirməsə də, Avropanın da onların arasında olacağını təsdiqləyib. Əsas ixtisarlar satış və kadrlar şöbələrində olacaq.
Ötən il noyabrın əvvəlində Facebook sosial şəbəkəsinin sahibi olan Meta şirkəti kütləvi ixtisara başladı. Təxminən eyni hal Twitter sosial şəbəkəsində də baş verdi.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirmişdi ki, "Microsoft" Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırır və bunun bəzi səbəblərini açıqlamışdı. Lakin daha sonra "Microsoft” şirkəti Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmadığı barədə məlumat yaydı. Bununla yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də KİV-in sorğusuna cavab olaraq bildirdi ki, Azərbaycanın “Microsoft”la əməkdaşlığı davam edir: “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətinin dayandırılması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir”.
Qeyd edək ki, şirkətin Azərbaycandakı nümayəndəliyindən 10 min işçisini ixtisar etdiyi barədə də məlumatlar var, lakin həmin işçilərin Rusiya və Ukraynada icra edilən və hazırda icrası dayandırılan layihələrdə çalışanlar olduğu bildirilir.
Y.MƏMMƏDLİ