Hər gün Rusiyadan qorxulu xəbərlər gəlir. Hər cür kriminal xəbərlərlə yanaşı, koronavirusdan ölənlərin sayının günbəgün artması da üstəlik. Pandemiyadan ölənlərin sayının rekor həddə çatdığı bildirilir. Məsələn, son məlumatda deyilir ki, Rusiya Federasiyasında gün ərzində 895 nəfər koronavirusdan həyatını itirib.
Bu, bütün pandemiyada yeni rekord göstəricidir, ölüm sayında son maksimum bazar günü qeydə alınmışdı - 890 ölüm.
Ölümlərin çoxu Moskvada (72), Sankt-Peterburqda (58), və Sverdlovsk vilayətindədir (41 nəfər).
Rusiyada COVID-19 qurbanlarının ümumi sayı 211 696-ya çatıb.
Son sutka ərzində 25 110 yeni yoluxma hadisəsi aşkar edilib.
Ümumilikdə, Rusiyada koronavirus infeksiyasına 7 637 427 yoluxma halı qeydə alınıb.
Ölkədə artıq 6 759 059 xəstə, o cümlədən son sutka ərzində 18 568 nəfər sağalıb.
İndi bu məlumatlara baxanda, bir ölümün faciə, birdən artıq ölümün isə statistika olduğunu deyən müdrik insanın necə də haqlı olduğunu düşünürsən. Bir sözlə, Rusiyada ölüm halı adiləşib,dəhşətli bir statiskaya çevirilib.
Məsələnin qaranlıq hissəsi ondan ibarətdir ki, niyə bəs Rusiyada koronavirus bəlasından daha çox insan ölür? Bəs hanı o “Sputnik V”,”Sputnik filan” və s. peyvəndləri, kollektiv immun sisteminin yaradılması? Belə çıxır ki, dünyada az bir zamanda vaksin yaratdığını dünyaya bəlli edən Rusiyanın bu vaksınləri effektsizdir,reklam xatirinə yayılıb, siyasi gedişdir, yaxud nə olar,olar prinsipidir. Bir deyim də var ki,” həkimin uşağı xəstə olar”, “mollanın (oxu- keşişin duası özünə düşməz), yaxud, “keçəl dərman bilsə,öz başına yaxar”.
Avropa ölkələri Rusiyanın istehsalı olan vaksinləri qəbul etmir. Qəbul etmirsə, deməli,yararsız hesab edirlər, kifayət qədər sınaqdan keçirilmədiyini bildirirlər. Bunu mən yox, Avropanın,Amerikanın mütəxəssisləri,alimləri deyir. O zaman bu nə “sosializm” yarışmasıdır? Filan ölkə Rusiyadan filan qədər vaksin alıb, filan ölkələrdə, o cümlədən Azərbaycanda tərifi ala göylərə qaldırılan vaksindən vurulur, amma insanlar kütləvi şəkildə ölür.
İkinci qaranlıq olan məqam isə, bu statistikalarda koronavirusdan ölən insanların peyvənd olub-olunmaması barədə məlumat verilmir. Kim nə bilir, bəlkə o ölənlər peyvənd vurulandan sonra ölənlərdir. Yox, əgər belə deyilsə, ölüm halları niyə azalmır? Gündə 800 nəfərdən çox! Bu, bir ayda 3 mindən çox insanın ölməsi deməkdir.İndiyənə qədər Rusiyada koronavirusdan ölənlərin sayı isə 210 mini keçib. Belə getsə, Rusiya bir neçə ildən sonra başqa ölkələrdən adam satın alacaq. Demoqrafiya siyasəti tənəzzülə uğrayan Rusiya bir 10 gün olar ki, bəyan edib ki, bəs, “Sputnik” silsiləsindən olan vaksının ÜST-ə təqdim edəcək. Zalım uşağı, uzun müddətdir ki, əhaliyə parta-part vurulan vaksin hələ indi analizə veriləcək? Suallar çoxdur, cavabı isə məlum deyil.
İstənilən halda, ölüm sayı bir olsun, ya da çox, bu faciədir,fəlakətdir, neçə-neçə insanın bu dünyadan vaxtsız köçməsidir və heç kim, insanların bu cür kütləvi şəkildə ölməsini istəməz və ümid edirik ki, Rusiya vətəndaşları da tezliklə bu bəladan xilas olacaq və normal həyata qayıdacaqlar.
Şakir QURBANOV