Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair-qəzəlxan Əli Ələmi Mərkəzi Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində kitabxanaya yeni qəzəlini təqdim etdi.
“Dünyanı toz basıb” qəzəlində şair özünəməxsus tərzdə ətraf mühitin təhlükəli vəziyyətdə olmasını, ekoloji tarazlığın pozulmasını, kimyəvi tullantıların havanı zəhərləməsini alleqorik formada təsvir edir. İnsanların təmiz havaya, təmiz həyata ehtiyaclarının olduğunu həyacanla qeyd edir. O, Tanrıdan kömək diləyərək insanları təbiətə, ətraf mühitə düzgün yanaşmağa çağırır.
ƏLİ ƏMİROV (ƏLƏMİ)
DÜNYANI TOZ BASIB
Yarəb, kimin günahıdı, dünyanı toz basıb,
Yoxmu xəbər verən sənə, hər yanı toz basıb?
Bağlandı pəncərəm, qapını açmaram daha,
Üz vurma çıxmaram, gülüm, eyvanı toz basıb.
Lənət, dedikcə mən, bizi şeytandır azdıran,
Hönkür çəkirdi, gördüm, o şeytanı toz basıb.
Gör, böylə toz-dumanda o Məcnun nələr çəkir,
Leylanı tapmayıb hələ, səhranı toz basıb!
Tozdan yazırsa, ey dili-qafıl, nə gündədir,
Aşiqliyin unutdu, qəzəlxanı toz basıb!
Axtarma yüz səbəb, Ələmi, bildiyim budur:
Tüğyan edibdi nəfs elə, vicdanı toz basıb.