Son vaxtlar xairicdə yaşayan erməni radikalları (yumşaq desək) azərbaycanlılara qarşı daha da aqressivləşiblər.

Onlar daha irəli gedərək, Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərinə qarşı vandallıq aktları törədir, planlı və təşkil olunmuş şəkildə, aksiya adı altında hücum gerçəkləşdirirlər. Sentyabrın 18-də bir qrup erməni Fransadakı Azərbaycan səfirliyinə hücum etdilər. Özü də çox arxayınlıqla – qorxmadan, çəkinmədən səfirliyin qapısını təpiklədilər, dəmir arakəsmələri qapıya çırpdılar, şüşələri sındırdılar... Binada olan səfirlik əməkdaşı təkbaşına içəri soxulan dəstənin öhdəsindən gələrək, onları bayıra çıxartmağa müvəffəq oldu. Ardınca da ABŞ-da Səfirliyimizin avtomobilinə atəş açıldı... Şübhəsiz ki, xaricdəki diaspor təşkilatlarımızın həmrəyli sayəsində bu vandallığın cavabı verildi. Amma təhlükə yenə də var. Odur ki, xaricdəki diaspor təşkilatlarımızın nümayəndələri fəal olmalı, sayıqlığı itirməməli, erməni təxribatlarının qarşısının alınmasında irəlidə olmalıdırlar.

***

...Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev KİV-ə açıqlamasında bildirib ki, səfirliyin bu cür təxribatlara və hücumlara məruz qalması ilk fakt deyil.

Səfir qeyd edib ki,  2017-ci ildən bəri səfirliyin əməkdaşlarının təhlükəsizliyi ilə bağlı bütün səviyyələrdə Fransa hökuməti qarşısında məsələ qaldırıb və onların diqqətinə çatdırıblar ki,  Azərbaycan səfirliyi və Azərbaycan Mədəniyyət Evi faktiki qorunmur: “Halbuki Fransanın Bakıdakı səfirliyi qarşısında stasionar post uzun müddətdir ki, var. Biz belə bir postun yaradılmasını istəsək də, 2017-ci ildən bəri bu məsələyə etinasız yanaşılır. Bu məsələ ilə bağlı heç bir ciddi addım atılmayıb, ciddi reaksiya verilməyib. Bizə hər zaman bildirilib ki, “narahat olmayın, əgər nəsə baş verərsə, səfirliyin yerləşdiyi kvartalda səyyar post var, mühafizə orqanlarına məxsus avtomobil ətrafda olur və nəsə baş verəcəyi təqdirdə, səyyar posta zəng edin, onlar gələcək və heç bir problem olmayacaq.

2020-ci ildə Vətən müharibəsi zamanı bu məsələ yenə yaşandı, erməni diasporunun üzvləri dəfələrlə səfirliyin önünə gələrək səfirliyin inzibati binasına ziyan vururdular. Qeyd etdiyim kimi, həmin vaxt da biz bu məsələni qaldırmışdıq və eyni cavabı almışdıq. Artıq bu, sanki ənənəyə çevrilib. Biz Fransa tərəfinə - Xarici və daxili işlər nazirliklərinə, polis idarəsinə təxminən 50-yə qədər nota və məktub yazmışıq”, - deyə səfir bildirib.

R.Mustafayev vurğulayıb ki, hətta aqustun 17-də növbəti yazılı notanı da göndəriblər.

Onlara vəziyyətin ciddiliyini anlatmaq üçün Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni də Fransa XİN-nin diqqətinə çatdırıblar və nəhayət, bildiriblər ki, səfirliyin poçtuna təhdid məktubları gəlib…

Lakin əlaqədar qurumlar tərəfindən səfirliyin həyəcan təbilinə etinasız yanaşılıb və bir növ hadisənin baş verməsinə açıq-aşkar şərait yaradılıb.

Beləliklə, Daşnaksutyun və ASALA terror təşkilatları ilə bağlı xəbərdarlıqlara Fransa XİN məhəl qoymayıb və faktiki olaraq səfirliyimizin əməkdaşları real təhlükə ilə üz-üzə buraxılıb.

Həmin vandallıq aksiyası sentyabrın 18-də  Paris vaxtı ilə saat 14:20-də başlayıb və ermənilər səfirliyin binasının önünə gələrək zorakılıq aktları həyata keçirməyə başlayıblar. Səfirlikdən polisə zəng edildikdən sonra da Fransa polisi gözləmə mövqeyi tutub və düz yarım saat sonra əraziyə gəlib... Həmin müddət ərzində erməni vandalları istədiklərini törədiblər və onlara mane olan tapılmayıb. Sonradan əraziyə polis gəlsə də, insidentin qarşısının alınmasında heç bir rol oynamayıb...

...Məlum məsələdir ki, Azərbaycan səfirliyinə hücum edənlər bunu özbaşına etməyiblər və onlara bu barədə göstəriş də verilib, ola bilsin ki, cəzadan yaxa qurtaracaqlarına dair  təminat da... Əgər belə olmasaydı, 150 nəfərədək  vandal dəstəsinin üzvlərindən kimlərsə indiyədək saxlanılmış olardı. Halbuki onları aşkarlamaq özünü demokratiya carçısı elan edən Fransa hüquq- mühafizə orqanları üçün o qədər də çətin iş deyil.

Qeyd edək ki, əlaqədar qurumların və Fransa XİN-in etinasızlığı, məsuliyyətsizliyi... səbəbindən Azərbaycan səfirliyində yaşananlardan sonra Fransanın ölkəmizdəki səfiri Zakari Qross sosial şəbəkə səhifəsində belə bir post paylaşıb: "Fransa hakimiyyəti səfirliyin təhlükəsizliyini və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüb. Onlar belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar"...

Qəribə açıqlamadır və anlaşılmaz məntiqdir: Səfirlik illərlə qorunmalarının zəif olduğunu, daha öncələr də hücuma məruz qaldıqlarını, təhdid məktubları aldıqlarını bildirir, lakin bunu əlaqədar qurumlar duymazdan gəlirlər. Hadisənin qarşısını almırlar və baş verməsinə faktiki şərait yaradırlar. Və hadisə baş verdikdən sonra səfirliyimizin bundan sonra qorunacağı barədə vədlər verirlər... Necə olur ki, Fransada erməni terror təşkilatlarının əlaltılarına, üzvlərinə  azərbaycanlılara və nümayəndəliklərimizə qarşı aqressiya nümayiş etdirmələrinə, vandallıq törətməklərinə... şərait yaradılır? “Kor-kor, gör-gör” - Fransada hökumət səviyyəsində səfirliyimizin əməkdaşlarının taleyinə biganəlik nümayiş etdirilib və bu da ermənilərin bu ölkədə istədikləri kimi davranmasına rəvac verir. Fransanın əlaqədar qurumları yalnız seyirçi mövqedə qalıblar...

Bu da sirr deyil ki, Fransa hökuməti erməni lobbisinin birbaşa təsiri altındadır və prezident Emmanul Makron da ermənilərin dəstəyini almaq üçün həmişə onların başını sığallayıb.

Bir neçə il öncə Makronun “soyqırımı”la bağlı keçirdiyi toplantısına hazırda Fransada erməni lobbisinə başçılıq edən sabiq ASALA terror təşkilatının bu ölkədəki əsas siması Jean Mark Toranyan da qatılmışdı...  

...1983-cü ildə ASALA-nın Fransada törətdiyi “Orli qətliamı” unuduldumu?!

Parisin Orli beynəlxalq hava limanında həyata keçirilən terror aktında 8 nəfər həlak olmuş, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Hətta terrorçubaşı, Suriya ermənisi Varujan Karapetyan sonralar məhkəmənin qərarı ilə azadlığa da qovuşdu...

Bəli, illərlə Azərbaycan vətəndaşlarına, türklərə  qarşı terror aktları törətmiş, qanına susamış ermənilərin cinayətlərini biz əsla unutmamışıq və unutmamalıyıq da...

1970-1980-ci illərdə erməni terror təşkilatlarının həyata keçirdikləri silahlı və bombalı hücumlar nəticəsində bir çox türk diplomatları və onların yaxınları şəhid oldular.

Həmin illərdə ASALA və Daşnaksutyun türk diplomatlara qarşı hücumlar təşkil edir və erməni terrorları nəticəsində 31 diplomat və onların ailə üzvləri qətlə yetirilir.

Belə ki, 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmiri Santa-Barbara şəhərində qətlə yetirirlər.

1975-ci il yanvarın 20-də isə Ümumdünya Kilsələr Şurasının Beyrutdakı ofisinə bomba hücumunu gerçəkləşdirən ASALA və Daşnaksutyun erməni terror təşkilatları bir çox diplomatı və yaxınlarını öldürdülər.

1975-ci il oktyabrın 22-də həmin terror təşkilatı üzvləri Türkiyənin Vyana səfirliyinə basqın edərək, səfir Daniş Tunalığıli masasının arxasında qətlə yetirdilər.

Həmin qətldən bir neçə gün sonra ermənilər Türkiyənin Fransadakı səfiri İsmayıl Erez və onun sürücüsü Talip Yenerə xidməti avtomobilində gedərkən güllə yağışına tutublar.

Bu ağır itkilərdən sonra erməni terror təşkilatlarının hücumları türk diplomatları və onların yaxınlarını hədəfə almaqda davam etdi. Türkiyənin Beyrutdakı səfirliyinin Baş katibi Oktar Cirit (1976), Vatikandakı səfiri Taha Carım (1977), Madriddəki səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp (1978), təqaüdçü səfir Beşir Balcıoğlu (Madrid. 1978), (1979 -Niderland, Haaqa) Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir, (1979-Fransa) Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Yılmaz Çolpan Parisin mərkəzində qətlə yetirilmişdir.

1980-ci illərdə isə erməni terrorçularının hücumları daha sürətlə artır. Terroristlərin bu dövrdə qətlə yetirdikləri siyahıya nəzər saldıqda qanın donur:

Türkiyənin Afinadakı səfirliyinin İnzibati Attaşesi Qalip Özmen və qızı Neslihan Özmen (1980), Sidneydəki Baş Konsulu Şarık Arıyak (1980) və Baş Konsulluğunun Təhlükəsizlik Attaşesi Engin Sever (1980), Parisdəki səfirliyinin Əmək Attaşesi Reşat Moralı (1981), Parisdəki səfirliyinin Din məmuru Tecelli Arı (1981), Cenevrədəki Baş Konsulluğunun müqaviləli katibi Mehmet Savaş Yergüz (1981), Parisdəki Baş Konsulluğunun Təhlükəsizlik Attaşesi Camal Özen (1981), Los-Ancelesdəki Baş Konsulu Kamal Arıkan (1982), Bostondakı fəxri baş konsulu Orhan Gündüz (1982), Lissabondakı səfirliyinin İnzibati Attaşesi Erkut Akbay və həyat yoldaşı Nadide Akbay (1982), Ottavadakı səfirliyinin Hərbi Attaşesi, Hava Qərargahı polkovniki Attila Altıkat (1982), Burqasdakı Baş Konsulluğunun İnzibati Attaşesi Bora Süelkan (1982), Belqraddakı səfiri Galip Balkar (1983), Brüsseldəki səfirliyinin İnzibati Attaşesi Dursun Aksoy (1983), Lissabondakı səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı Yurtsev Mıhçıoğlu (1983) və Tehrandakı səfirliyinin katibinin həyat yoldaşı İşıq Yonder (1984), Vyanadakı səfirliyinin əmək müşaviri vəzifəsini icra edən Erdoğan Özen (1984), Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisinin beynəlxalq zabitlər üzrə direktor müavini Ənvər Ergün (1984)...

Göründüyü kimi, erməni terrorçuları illər uzunu say-seçmə türk övladlarını qətlə yetiriblər.

Xatırladaq ki, hələ ötən əsrin əvvəllərində  Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri vəzifəsini icra edən, böyük dövlət xadimi, Həsən bəy Ağayev, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər nazirləri – Fətəli xan Xoyski və Behbud xan Cavanşir də erməni terrorunun qurbanı olmuşdur.

Və bu siyahını uzatmaq da olar.

Baş verənlər, onu deməyə əsas verir ki, erməni terrorçuları yenə də pusqudadır...

***

Qeyd edək ki, Azərbaycan səfirliyi hadisədən bir neçə gün sonra tviter səhifəsində haqqını tələb edən bəyanat yayıb. Bəyanatda bildirilib ki,  “Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın; ona hüquqi qiymət verilsin; bu hücumun vurduğu ziyan aradan qaldırılsın; qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.

Sentyabrın 19-da isə Fransanın Azərbaycandakı səfiri Zakari Qros da Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüş zamanı bir gün əvvəl Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

***

Bu gün Fransadakı terror təşkilatlarının buyruqçuları - əlaltıları aşkarlanaraq cəzalandırılmasalar, onlara bu tapşırığı verənlər ortaya çıxmasa, oxşar hadisələr Londonda, Parisdə... olduğu kimi digər ölkələrdə də təkrarlana bilər. Həm də daha betəri... Bunun üçün isə rəsmi Paris çaba göstərməlidir, çünki ortada diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyini qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyi var. Və təəssüf ki, Paris bu öhdəliyi hələ də gözardı edir...

P.S. Qeyd edək ki, Fransadakı səfirliyimizə edilən hücumdan 5 gün sonra cəzasızlıqdan ilhamlanan ermənilər Azərbaycan Mədəniyyət Mərkəzinin binasına hücum etməyə cəhd ediblər... Diaspor fəallarımızın sayəsində onların cavabı verilib, təxribatçılar bu niyyətdən əl çəkiblər... Deməli, xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi təmin edilməlidir ki, erməni təxribatçıları gücümüzü həm də siyasi-diaspor fəaliyyətimizdə görsünlər.

Yasəmən MƏMMƏDLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.14).

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA